Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyilbackend

“Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.”

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir: “Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Dünya birliyinin yekdilliklə COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması işğalçı ölkədə gündəmi dəyişməyə və pandemiyanın ölkədə geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır.”

Milli Məclisin deputatı qeyd edib ki, erməni silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub: “Azərbaycan tərəfi təxribatların qarşısını almaq üçün Qazax və Tovuz rayonları boyunca dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələrini yerləşdirib. Bunun əksinə olaraq isə qarşı tərəf iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınmasını sistematik olaraq davam etdirir. Bu bir daha mənfur düşmən tərəfindən edilən təcavüz və təxribatdır. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Qeyd edim ki,  Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə tam ziddir. Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının əyani sübutudur.”

A.Məmmədov vurğulayıb ki, cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu kimi məsələlərə diqqət yönəldərək bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin daşıdığını diqqətə çatdırdı: “Bu gün Azərbaycan əsgəri işğalda olan torpaqlarımızın düşməndən tezliklə azad edilməsinin fərqindədir. Bu səbəbdən də Azərbaycan əsgəri döyüş meydanında qalib olmağa hazırdır. Ordumuzda xidmət edən savadlı, bacarıqlı, peşəkar komandir heyətinin köməyi sayəsində şəxsi heyət gündən-günə döyüş hazırlığını artıraraq qalibiyyətə doğru addımlayır və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hazırdır. Tovuz döyüşlərində də Azərbaycan Ordusunun gücü bir daha öz təsdiqini tapdı. Döyüşlərdə aşkar üstünlük bizim tərəfimizdə idi.”

Deputat onu da bildirib ki, ölkə başçısı Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında son vəziyyəti şərh edərkən onlarla erməni hərbçisinin məhv edildiyini, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsinin darmadağın edildiyini diqqətə çatdırdı: “O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Cənab Prezident iclasda daha bir məqama diqqət yönəldərək bildirmişdir ki, biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bəzi çirkin ünsürlər isə vəziyyəti gərginləşdirmək istəyir. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Dəqiqliklə vurğulamaq lazımdır ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.  Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bizim etməli olduğumuz tək şey Ali Baş Komandanın əmrlərini gözləmək və ona qeyd-şərtsiz dəstək olmaqdır. Çünki İlham Əliyev dəfələrlə sübut edib ki, hətta ən ağır situasiyalarda belə ən düzgün qərarları verməyə qadirdir. Biz Ona tam inanırıq və dəstəkləyirik.”

A.Məmmədov vurğulayıb ki, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bundan sonra da qoruyaraq sərhədlərimizin keşiyində duracaq: “Azərbaycan öz prinsipial  mövqeyindən bir addım geri atmayacaq, işğal edilmiş torpaqlarının işğalı ilə barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Əminliklə demək olar ki, beynəlxalq arenada Ermənistan bütün dayaqlarını itirməkdədir. Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. İki gün öncə baş verən hadisə təxribatdır və heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya  zərbəsi endirilib. Azərbaycan bütün imkanlardan istifadə edib, özünü qoruyaraq və düşmənə yenidən öz yerini göstərəcək. Ölkəmizin keşiyində duran və dövlət sərhəddini qoruyan hərbçilərimizin vətənpərvərlik hissi ən yüksək səviyyədədir və xalq olaraq biz bütün qəlbimizlə onlarla birlikdəyik.”