Anar Məmmədov: Torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin şərəf zəfəridirbackend

“Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən şəhərin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi. Bu isə bir daha onu sübut edir ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır və təbii ki dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da itkisiz və müharibəsiz işğaldan azad olunacaq. Bu əsasda Müzəffər Ali Baş Komandanın və şanlı Azərbaycan ordusunun xalqımıza yaşatdığı günlər və aylar hər kəsin yaddaşında əbədi qalacaq.”

Bu fikirləri “Yeni Gündəmə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur: “Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bu gün doğma Ağdamımız bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Buna görə də biz bu gün heç bir itkisiz Ağdamı geri almağımıza görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarıq.”

Deputat onu da xatırladıb ki, Ağdamın işğalından sonra erməni silahlı birləşmələri xüsusi amansızlıqla  еvlərə od vurub, mədəniyyət abidələrini dağıdıb, insanların əmlaklarını qarət еdib, şəhəri tərk еdə bilməyən dinc əhaliyə divan tutub: “Bu gün Ağdam rayonunda demək olar ki, salamat bina, tikili qalmayıb. Şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”ni xatırladır. Lakin biz inanırıq ki, qısa bir zamanda Ağdam yenidən köhnə günlərinə qayıdacaq. Hətta əvvəlkindən də yaxşı olacaq. Ölkə başçısı dəfələrlə öz çıxışlarında bildirmişdi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə, Azərbaycan torpaqlarını güc yolu ilə azad edəcək. Azərbaycan əsgəri öz canı bahasına Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı və Qarabağın ürəyi olan Şuşanı düşməndən azad etdi. İlham Əliyevin diktəsi və uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağın status məsələsi ləğv olundu. Məğlubiyyətlə üzləşən Ermənistan Ağdamı, Kəlbəcəri, Laçını tərk etməyə razı oldu. Torpaqlarımızı azad etməklə Azərbaycan dövləti pozulmuş hüquqlarını bərpa etdi. Bu qələbə ilə ordumuz həm də beynəlxalq hüququn tələblərini həyata keçirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini dövlətimizin gücü və Ali Baş Komandanımızın iradəsi sayəsində icra etdik. Bununla da torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şərəf zəfərinə çevrildi.”

İctimai.az