Georgia Tech tələbələri Apple-ın xüsusi çiplərində iPhone, iPad, MacBook və Mac sahiblərini təhdid edən təhlükəli SLAP və FLOP zəiflikləri aşkar ediblər.
Bu barədə MacRumors portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumlar “Apple” brauzerlərinin daxili müdafiə mexanizmlərindən yan keçən zərərli veb səhifələr vasitəsilə həyata keçirilə bilər. Zəifliklər 2021-ci ildən buraxılan cihazlarda istifadə edilən M2, A15 və sonrakı modellər də daxil olmaqla A və M seriyalı çiplərə təsir göstərir. Bunlara 2022 Mac noutbuku, 2023 Mac kompüteri, 2021 iPad, 2021 iPhone və bu seriyalardakı daha yeni qurğular daxildir.
Bu boşluqlar təcavüzkarlara istifadəçilərin şəxsi məlumatlarına, o cümlədən brauzer tarixçəsi, bank kartı təfərrüatları, e-poçtlar və məkan məlumatlarına uzaqdan daxil olmaq imkanı verir.
SLAP və FLOP zəiflikləri müvafiq olaraq 2024-cü ilin may və sentyabr aylarında aşkar edilib. Onlardan istifadə edilən hücumlar real həyatda hələ qeydə alınmasa da, tədqiqatçılar mümkün risklər barədə xəbərdarlıq edirlər. Apple rəsmiləri problemləri həll etmək üçün çalışdıqlarını və tezliklə yeniləməni buraxmağı planlaşdırdıqlarını söylədi.