AQC VƏ QAİ-nin növbəti onlayn iclası keçirilib – Fotolarbackend

21.06.2020-ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının onlayn iclası keçirilmişdir.

Yeni Gündəm” xəbər verir ki, iclasda günümüzün aktual məsələləri və Azərbaycan Qaçqınlar Cəmiyyəti, Qərbi Azərbaycan İcması qarşısında duran vəzifələr müzakirə edilmişdir.

İlk məsələ – “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan Baş naziri N.Paşinyana sərt cavabı və bu məsələdə AQC və QAİ qarşısında duran vəzifələr” barədə təşkilatın sədri Əziz Ələkbərli məlumat vermiş, məsələ ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Çıxış edənlər Ermənistan rəhbərinin hərəkətini erməni terrorizminin növbəti təzahürü kimi qiymətləndirmiş, Azərbaycan prezidentinin cavabını isə erməni diplomatiyasının növbəti uğursuzluğu hesab etmişlər. AQC və QAİ üzvlərinin sosial mediada və sosial şəbəkələrdə hadisələrə çevik reaksiyası da təqdir olunmuş, bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək qərara alınmışdır.
İkinci məsələ olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qərbi Azərbaycan və İrəvanla bağlı son çıxışlarından sonra ölkədə Qərbi Azərbaycan və İrəvan probleminin xüsusilə diqqət mərkəzində olması məsələsi müzakirə olunmuşdur. Məsələ ilə bağlı AMEA institutlarının iştirakı ilə “İrəvan dünən və bu gün”, “Qərbi Azərbaycan dünən və bu gün” layihələrinin icrasına başlandığı nəzərə çatdırılmışdır. Çıxış edənlər layihələri təqdir etsələr də, xüsusilə 1948 və 1988-ci il deportasiya və soyqırımları ilə bağlı öz narahatlıqlarını da ifadə etmişlər. Çıxışlarda həmin dövr tarixi faciələrimizlə bağlı AQC və QAİ xətti ilə görülən işləri sürətləndirmək zərurəti də səsləndirilmişdir.
Daha sonra AQC və QAİ çərçivəsində keçən ildən həyata keçirilməkdə olan layihələrin icra vəziyyəti müzakirə olunmuş, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan şəhidləri”, “Erməni dili kursu”, “Qərbi Azərbaycan İcmasının kitabxanası” seriyasından “O kənd bizim kəndimizdir” məlumat-sorğu kitablarının hazırlanması layihələri ilə bağlı məlumatlar dinlənilmişdir.
İclasda təçkilati məsələlərə də baxılmış, Binnət Əsgər Vedi rayon icmasının, Bəxtiyar Abdullayev isə Böyük Qarakilsə rayon icmasının sədri və Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvləri seçilmişlər.
İclasda ölkədə pandemiya şəraitini nəzərə almaq şərtilə Azərbaycanın rayonları üzrə Qərbi Azərbaycan İcması nümayəndəliklərinin yaradılmasına başlamaq qərara alınmışdır.
İclasın işində və müzakirələrdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, ideoloji məsələlər üzrə sədr müavini Mirfaiq Mirheydərli, sosial məsələlər üzrə sədr müavini Səməndər Mehdiyev-Çaxmaqlı, Aparat rəhbəri Əbdüləli Həsənov, İdarə Heyətinin üzvləri, icma sədrləri Polad Poladov, Binnət Əsgər, Bəxtiyar Abdullayev, Ramiz Əzizoğlu, Azər Novruzov və Gənclər qrupunun üzvləri Ramin Abdullayev, Qasım Süleymanov, Namiq Muradov iştirak və çıxış etmişlər.
Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti