Bu il Azərbaycanda aqrar sahə üzrə keçirilən festivallar çərçivəsində satış dövriyyəsi 8 milyon manatı ötüb.
İctimai.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov media nümayəndələrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il festivallar zamanı qeydə alınan satış həcmi 6 milyon manatdan artıq olub.
Direktor qeyd edib ki, cari ildən etibarən regionlarda aqrar sahədə dövlət dəstəyi mövzusunda panel müzakirələrinin keçirilməsinə başlanılıb və indiyədək 14 belə tədbir təşkil olunub. Bu müzakirələrdə müxtəlif dövlət qurumlarının mütəxəssisləri iştirak ediblər.
Bununla yanaşı, tədbirlər çərçivəsində mövsümi toxum və sərgi-satış yarmarkaları da təşkil edilib. Xüsusilə builki yarmarkalar buğda üzrə 10 hektardan, arpa üzrə isə 100 hektardan artıq əkin sahəsinə malik fermerlərin daha çox olduğu bölgələri əhatə edib.














