“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var” – ŞƏRHbackend

Müasir dünyanın idarə mexanizmi, baxışı bəşər sivilizasiyası ilə birgə dəyişir, inkişaf edir. Hadisələrə yanaşılma prizması illər, əsrlər bundan əvvəl olduğu kimi deyil, dünyanın qəbul etdiyi tərzdədir. Belə bir zamanda Azərbaycana dünyanın müxtəlif dövətlərinin marağının artması ölkəmizin siyasi gücündən, iqtisadi inkişafından, sülhsevər dövlət olduğundan xəbər verir. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq, Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünya üçün bir örnəkdir. Onun mövqeyini dünyaya bəyan edən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətidir.

Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvüdür. Azərbaycanın beynəlxalq müstəvidə uğurlu siyasətinin nəticəsidir ki, Avropa İttifaqı ilə də münasibətlər uğurla davam edir. Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli və etibarlı əməkdaşlıq bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu bir daha göstərir.

İyulun 18-də Prezident İlham Əliyevin Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bu əlaqələrin davamlığına əsaslanır.

Enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Eyni zamanda, Azərbaycanla və Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm addımdır. Sənəddə enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir. Əlbəttə ki, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın on beş ildən artıq tarixi əhatə edir. “Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq” – deyən Prezident bildirib ki, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir: “Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir”.

İmzalanmış Memorandumu dövlət başçısı gələcək üçün bir növ yol xəritəsi kimi qiymətləndirib. Anlaşma Memorandumu enerji tərəfdaşlığının güclənməsində mühüm rol oynayacaqdır. “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq” – deyə Cənab Prezident bildirib.Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malik ölkədir. Bu baxımdan, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpa olunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Prezident İlham Əliyev, həmçinin deyib ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı kimi vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.

MEHMAN MUSAYEV

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının fəalı, AAYDA Magistral Yolların İstismarı və Təmiri şöbəsini rəisi