Avropa Komissiyası (AK) ölkədə hakimiyyəti ələ keçirmiş Suriya müxalifəti ilə əlaqə saxlamır və onların nümayəndələrini terrorçu hesab edir.
TASS xəbər verir ki, bunu AK nümayəndəsi Anuar Əl-Anuni deyib.
O, hakimiyyətin ələ keçirilməsində iştirak edən “Həyat Təhrir əl-Şam” qruplaşmasının Aİ-nin terror təşkilatları siyahısına daxil edildiyini və bu qərarın assosiasiyaya üzv olan bütün ölkələr üçün məcburi olduğunu xatırladıb.
Qərar yalnız yekdilliklə nəzərdən keçirilə bilər, bunun üçün “onların sözlərini deyil, hərəkətlərini qiymətləndirmək lazımdır” dedi və əlavə etdi ki, gələcək addımlar barədə spekulyasiya etmək hələ tezdir.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı ölkədən qaçan prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını açıqlayıb. Sonradan məlum olub ki, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib və ona sığınacaq verilib.