Aynur Əfəndi Zadə: “Qan qırmızı geyənlərin sənət əsəri olan gecə”backend

32 il…  HÜRR Yaşamaq uğrunda  mübarizə  aparan əzilməz,  əyilməz bir xalqın bağrına vurulan daha  bir yaradan 32 il  keçir. Anaların övlad həsrətindən, qərənfilin toy masalarından enib cənazələrimizi  bəzədiyi tarixdən 32 il keçir.

SSRİ-nin  son  onilliyini  yaşadığı 1980-cı illərdə  baş  verən  siyasi çaxnaşma Azərbaycan xalqından da yan keçmədi. M.Qarbaçovun yenidənqurma siyasəti Sovetlər Birliyini qurtarmaq üçün son uğursuz cəhd idi. Bu dövrdə ermənilərin tarixən Azərbaycan xalqına duyduğu “ vampir yaddaşı” yenidən oyandı. Qarşıda Azərbaycan xalqını  çox  çətin sınaqlar gözləyirdi: Tarxi ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız, erməni vəhşiliyi  ilə alovlanan  Xalq hərəkatı,  qanlı 20 yanvar gecəsi, Qarabağ savaşı,  Xocalı faciəsi.

1990-cı il  yanvarın 19-dan 20-ə keçən gecə Sovet İttifaqının qoşunları ölkədə TV yayımını kəsib, fövqəladə vəziyyyət elan etmədən Bakıya daxil oldu. 5 istiqamətdə şəhərə yol alan sovet tankları onlara müqavimət göstərən şəhər əhalisinə divan tutdu. 20 Yanvar gecəsi baş verənlərin canlı şahidi olanların sözlərinə görə qırğın zamanı həlak olanların cəsədləri gəmilərlə dənizə töküldü. Bu üzdən də onlar itkin kimi qeydə alınmışdır. Həmin gecə X.R.Ulutürkün təbir etdiyi qara günlər gətirərkən qan qırmızı geyənlərin gətirdiyi qara günlərdən biri idi. 20 yanvar hadisələri ermənipərəst Qarbaçovun milli şüuru oyanan xalqın haqq səsini boğmaq cəhdi idi.

Ölkənin hər küncündə – bucağında  öz nişanəsini buraxan Sovet hakimiyyəti Bakının ən hündür zirvəsini də fəth etmişdi. Xalqın Dağüstü parkdan S.Kirovun üzü  şəhərə baxan “əzəmətli” heykəlini  sökərək qəhramanlarını burda dəfn etməsi müstəqillik yolunda əmin addımlarla irəlilədiyimizin göstrəricisi idi. Həmin gecə sovet tanklarına əliyalın müqavimət göstərərkən  həlak  olan vətəndaşların cənazələri  22 yanvar şəhərin qanlı küçələrindən  keçərək  şəhidlik zirvəsinə – Bakının ən hündür yeri olan Dağüstü Parka qədər ucaldı.

Nəticə olaraq baş verənlər bardağı daşıran son damla oldu və milli  iradəmizin  müqavimətini daha da möhkəmləndirdi,  beynəlxalq arenada nüfuzunu itirmiş Sovet ittifaqının süqutunu sürətləndirdi. 20 Yanvar hadisələri də daxil olmaqla 80-ci  illərin  sonu  90-cı  illərin əvvəli Azərbaycanın siyasi epoxasını Cümhuriyyətdən sonra 2-ci milli oyanış adlandırmaq olar. 1991 – ci ildə cümhuriyyətin varisi olaraq 70 ildən sonra müstəqilliyini yenidən bərpa etdi. Artıq 31 ildir ki biz Əlibəy Hüseynzadə  ideyası olan üçrəngli  bayrağımızın altında  hürr yaşayırıq.

20 yanvar hadisələrinin 32-ci il dönümündə Vətən uğrunda, milli məfkurəmiz uğrunda canından keçən bütün vətən övladlarını dərin ehtiram hissi ilə anırıq. Bizləri müstəqillik, zəfər kimi hislərdən mərhum buraxmayan Şəhidlərimizin ruhu qarşısında baş əyiririk!!!

20 yanvar gecəsi ölkədə kommunikasiya Sovet Ordusu tərəfindən sıradan çıxarılmışdı. Bu məlun sükutu pozaraq həmin gecə baş verənləri, Azərbaycan xalqının harayını dünyaya çatdıran, Haqq savaşında xalqın yanında olan radiojurnalist Mirzə Xəzəri hörmətlə anırıq.