Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın hava limanlarında sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 14%, uçuşların sayı isə 18 % artıb.
İctimai.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, 9 ayda Gürcüstanın hava limanları ümumilikdə 6 milyon 489 min 755 sərnişinə xidmət göstərib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 5 milyon 682 min 304 nəfər olub.
Məlumata görə, Gürcüstan aviasiya bazarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC ən çox sərnişin daşıyan aviaşirkətlər arasında ilk altılığa daxil olub. AZAL 2025-ci ilin ilk doqquz ayında 358 min 291 sərnişin daşıyıb və ümumi bazarın 6%-ini təşkil edib.
Bazarda liderliyi Macarıstanın “Wizz Air” qoruyub – şirkət 1 milyon 65 min 618 sərnişin daşıyaraq 17% bazar payına sahib olub. Onu “Georgian Airways” (8%), “Türk Hava Yolları” (7%), “Pegasus Airlines” (7%), “Red Wings” (6%) və “Azərbaycan Hava Yolları” (6%) izləyib.
Mülki Aviasiya Agentliyinin məlumatına əsasən, ilin ilk doqquz ayında Gürcüstan hava məkanından istifadə edən uçuşların ümumi sayı 229 min 972 olub, hava yükdaşıma həcmi isə 50% artaraq 25.9 milyon tona çatıb.













