Məlumat verdiyimiz kimi “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinə yeni sədr seçilib. Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçilib.
İctimai.az xəbər verir ki, yeni sədrin fəaliyyətinə dəstək məqsədilə tarixi klubun azarkeşləri sosial şəbəkələrdə ona fəaliyyətində uğurlar diləyiblər. Ancaq tarixi klub olan “Kəpəz”də bu son illərdə dəyişilən bəlkə də 10-cu rəhbər dəyişikliyidir. Yeni rəhbərliyin işində nümunəvi fəaliyyət göstərməsi üçün bir qrup azarkeş, şəhər ziyalısı və futbol veteranları yeni rəhbərliyə təklif hazırlayıblar.
Belə ki, Kəpəz Futbol Klubunun ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətində daha fəal, şəffaf və milli ruhlu bir yanaşmanın tətbiqi üçün uzun illər ictimai sahədə aktiv fəaliyyəti ilə seçilən, Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini, “PatriotNews.az” saytının təsisçisi və baş redaktoru, Kəpəz azarkeşlərinin sevimlisi və nümayəndəsi, PFL-ə akkreditasiya olunmuş idman yazarı, ictimai xadim, deputatlığa namizəd olmuş, ehtiyatda olan Polkovnik-Leytenant Ceyhun Əliyevin Kəpəz Futbol Klubunda ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsində təmsil olunması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Ceyhun Əliyev həm Gəncə ictimaiyyətində, həm də idman cameəsində yüksək nüfuz qazanmış, ədalətli, prinsipial və vətənpərvər bir şəxsiyyət kimi tanınır. Onun klub rəhbərliyi ilə azarkeşlər və ictimaiyyət arasında körpü rolu oynaması, eyni zamanda klubun ictimai imicinin möhkəmləndirilməsi baxımından faydalı olacağına əmin olan azarkeşlər, klubun yeni sədrinə bu məsələni nəzərdən keçirməsini, diqqətdə saxlamasını və ictimaiyyətin rəyini nəzərə almasını xahiş ediblər.
Bu məsələnin həlli ilə bağlı hansısa addımların atılıb-atılmayacağı isə sadəcə zaman məsələsidir.