Qlobal enerji bazarındakı dəyişikliklər, geosiyasi faktorlar və artan tələbat fonunda Azərbaycan özünü etibarlı və məsuliyyətli tərəfdaş kimi təqdim edir. Qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı, infrastrukturun genişləndirilməsi və Avropa bazarındakı mövqelərin gücləndirilməsi ölkənin enerji siyasətinin əsas istiqamətləri olacaq. Azərbaycan enerji sahəsində yalnız regional deyil, həm də qlobal miqyasda təsir imkanlarını artırmaq istiqamətində ardıcıl və strateji addımlar atır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji siyasətinin əsas prioritetlərini və gələcək planlarını açıqlayıb. Dövlət başçısının çıxışı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu, qaz hasilatının genişləndirilməsi planlarını və mövcud infrastrukturun inkişaf zərurətini bir daha ön plana çıxarıb.
Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması bu istiqamətdə atılmış mühüm addımdır. Bununla da hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Bu fakt Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycan sabit və proqnozlaşdırıla bilən təchizatçı kimi çıxış edir. Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu prosesdə mühüm rol oynayır. Prezident vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Bu isə bir tərəfdən layihənin uğurunu göstərsə də, digər tərəfdən yeni reallıqlar yaradır. Artan tələbat fonunda mövcud boru kəmərlərinin genişləndirilməsi və yeni interkonnektorların yaradılması vacib məsələyə çevrilib. Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən başlayaraq Avropaya qədər uzanan və bir neçə ölkəni birləşdirən strateji enerji layihəsidir. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. Lakin artan ixrac həcmləri infrastrukturun modernləşdirilməsini və genişləndirilməsini qaçılmaz edir. Azərbaycan tərəfi artıq bazarda mövcud tələbatı və qlobal enerji proseslərini nəzərə alaraq əlavə genişləndirmə imkanlarını araşdırır. Məqsəd ixracı maksimum səviyyəyə çatdırmaq və uzunmüddətli müqavilələr əsasında sabit təchizatı təmin etməkdir.
Prezident İlham Əliyev çıxışında qarşıdakı illərdə qaz hasilatının əhəmiyyətli dərəcədə artacağını qeyd edib. Bu artım bir neçə əsas yataq üzrə planlaşdırılan layihələr hesabına təmin olunacaq “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından cari ildə hasilatın başlanması gözlənilir. “Abşeron” yatağının iki-üç il ərzində tammiqyaslı işlənmə mərhələsinə keçməsi planlaşdırılır. Bu, həmin yataqdan qaz hasilatını üç dəfə artıracaq. “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilata başlanacaq. Azərbaycanın əsas qaz mənbəyi olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni mərhələ üzrə hasilatın başlanması nəzərdə tutulur.
Qeyd olunan layihələrin maksimum istehsal səviyyəsində ölkəyə əlavə 10–15 milyard kubmetr qaz qazandıracağı gözlənilir. Bu isə həm daxili tələbatın tam ödənilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.
Artan hasilat həcmləri yalnız yeni yataqların istismarı ilə deyil, həm də güclü nəqliyyat və paylama infrastrukturu ilə müşayiət olunmalıdır. Prezidentin vurğuladığı kimi, yeni bazarlara çıxış üçün mövcud boru kəməri sisteminin genişləndirilməsi vacibdir. Eyni zamanda, qazpaylama şəbəkəsinin şaxələndirilməsi və əlavə interkonnektorların yaradılması regionda enerji inteqrasiyasını daha da gücləndirəcək. Bu addımlar Azərbaycanın həm regional, həm də qlobal enerji sistemində rolunu artıracaq. Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycanın enerji strategiyası uzunmüddətli və çoxşaxəlidir. Bir tərəfdən ənənəvi enerji resurslarının – xüsusilə təbii qazın – hasilatı və ixracı artırılır, digər tərəfdən isə paralel olaraq yaşıl enerji təşəbbüsləri də inkişaf etdirilir.
“Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik.” – bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin enerji və iqlim məsələlərinə yanaşmasının fəlsəfəsini aydın şəkildə ifadə edir. Dövlət başçısı qlobal iqlim gündəliyinə ideoloji deyil, praqmatik və realist baxışın vacibliyini vurğulayaraq, qazıntı yanacaqları ilə bərpaolunan enerji mənbələrinin vəhdətinin zəruriliyini ön plana çıxarır.
İqlim dəyişikliklərinin real və gözlə görünən təsirlərindən biri də Xəzər dənizinin ildən-ilə dayazlaşmasıdır. Su səviyyəsinin azalması təkcə ekoloji deyil, həm də iqtisadi və geosiyasi nəticələr doğurur. Liman infrastrukturu, dəniz nəqliyyatı, balıqçılıq və enerji layihələri bu prosesdən birbaşa təsirlənir. Xəzərin dayazlaşması göstərir ki, iqlim dəyişikliyi abstrakt anlayış deyil – o, artıq region ölkələrinin gündəlik həyatında və iqtisadi planlaşdırmasında nəzərə alınmalı faktora çevrilib. Bu baxımdan, Azərbaycan iqlim çağırışlarını qəbul edir, lakin onların həllinə emosional və ya ideoloji deyil, rasional yanaşma tərəfdarıdır.
Prezidentin çıxışında əsas mesajlardan biri iqlim və enerji siyasətində ideoloji yanaşmanın deyil, praqmatik və realist mövqenin üstün tutulmasıdır. Müasir dünyada enerji təhlükəsizliyi ilə iqlim təhlükəsizliyi arasında balansın qorunması olduqca həssas məsələdir. Bir tərəfdən, dünya iqtisadiyyatı hələ uzun illər qaz və digər ənənəvi enerji mənbələrinə ehtiyac duyacaq. Digər tərəfdən isə karbon emissiyalarının azaldılması və yaşıl enerjiyə keçid qaçılmazdır. Bu iki istiqaməti qarşı-qarşıya qoymaq əvəzinə, onları paralel və tamamlayıcı proseslər kimi görmək daha məntiqli yanaşmadır.
Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının təxminən 100 il üçün kifayət edə biləcəyi bildirilir. Bu, ölkəyə uzunmüddətli enerji sabitliyi verir. Lakin buna baxmayaraq, Azərbaycan yalnız qaz ixracatçısı kimi qalmaq niyyətində deyil. Son illərdə ölkə bərpaolunan enerji mənbələrinə milyardlarla dollar həcmində sərmayə yatırır. Günəş və külək enerjisi layihələri, Xəzər dənizində külək potensialının qiymətləndirilməsi, “yaşıl enerji zonası” təşəbbüsləri bu strategiyanın tərkib hissəsidir. Bu siyasət göstərir ki, Azərbaycan enerji keçidini zərurət kimi qəbul edir və uzunmüddətli perspektivdə enerji balansını şaxələndirməyə çalışır.
Azərbaycanın enerji siyasəti iki əsas prinsip üzərində qurulur: realizm və balans. Ölkə bir tərəfdən zəngin qaz ehtiyatlarını səmərəli şəkildə istifadə edərək enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə yaşıl enerjiyə keçidi strateji prioritet kimi qəbul edir. İqlim dəyişiklikləri ilə mübarizə qlobal məsələdir və hər bir ölkənin məsuliyyətli yanaşmasını tələb edir. Azərbaycan isə bu prosesdə ideoloji şüarlardan uzaq, praqmatik və uzunmüddətli maraqlara əsaslanan model təqdim edir. Bu model həm enerji təhlükəsizliyini, həm də ekoloji davamlılığı paralel şəkildə təmin etməyə yönəlib.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent













