Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərirbackend

Tarixi Qarabağ torpaqlarında otuz il davam edən işğala 44 gün ərzində son qoyulması təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Çünki Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün yenidən təmin olunması türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir.

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türk Şurasına sədrliyi dövründə də Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir. Bunun nəticəsidir ki, 12 noyabr 2021-ci il tarixdə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurasının qərarı ilə Ali Baş Komandan cənab İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir.

Bu gün Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qurulan strateji müttəfiqlik əlaqələri bölgədə davamlı sülh, sabitlik və əməkdaşlığı dərinləşdirmişdir.

Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov – iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.

Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana rəsmi səfəri əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən sahələrə həsr olunmuşdur. Səfər çərçivəsində  ölkə başçısının həmkarı  Şavkat Mirziyoyevlə görüşləri, birgə sənədlərin imzalanması, Azərbaycan liderinin bir sıra  mərasimlərdə iştirakı iki dost ölkə arasında münasibətlərin dünəninə və bugününə baxış fonunda gələcək barədə aydın təsəvvür formalaşdırır.

Səfər çərçivəsində ölkə Liderlərinin iştirakı ilə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı olmuşdur və bu, Azərbaycan xalqının əbədiyaşar liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə bir daha böyük ehtiram kimi dəyərləndirilmişdir.

Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olub. 1930-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər.

İki ölkə arasında inkişaf edən münasibətlərin təzahürü olaraq Özbəkistan Respublikası torpaqlarımızın azadlığı uğrunda apardığımız Vətən müharibəsində ölkəmizi dəstəkləmiş və Qarabağda aparılan bərpa-quruculuq işlərində də öz töhfələrini verməkdədirlər.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməklə keyfiyyətcə yeni mərhələyə yüksəldən “Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”də hər iki ölkənin xarici  siyasətinin prioritetləri  öz əksini tapmaqla,  dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon ƏİPT sədri