Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu – Sevinc Hüseynovabackend

“Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də onun, hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli mənəvi dəyərlərini yaşadan, mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyətidir.Hələ sovetlər dövründə Ulu Öndər Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdıraraq Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmışdir”.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, keçmiş SSRİ dövründə “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət yeridilirdi, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Təbii ki, ittifaqin bir hissəsi olan Azərbaycandan da bu proseslər yan keçmirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində, öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli lider Heydər Əliyevin vətənə və xalqina sadiqliyini göstərən bu mövqeyi hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Xüsusilə, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Daha sonra ittifaqın daha iki respublikası bu təşəbüslə cıxış etmişdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri həyata keçirib. Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri – ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi. Millət vəkilinin sözlərinə görə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Yenidən, onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi oldu. “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” – deyən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə – müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın nümünəsini yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə oldu. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Həmçinin, Ulu öndər Heydər Əliyevin müvafiq qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. “Ümummilli lider Heydər Əliyevin dil siyasətinin ana dilinin – ümumxalq dilinin tərəqqisi üçün yaratdıgı tarixi şərait, bundan sonra da uğurla davam edəcəkdir”,-deyə Sevinc Hüseynova vurğulayıb.