Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən “SOCGOV2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda çıxış edib.
O bildirib: “Müasir texnologiyalar və innovasiyalar həyatımızın tərkib hissəsidir. İstər iqtisadiyyatda, istər sosial həyatda, istər şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi labüddür. Çünki süni intellekt hər şeydən öncə bir vasitədir. Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına, inkişafa nail olmaqdır”.
Dövlət Agentliyinin sədri, həmçinin qeyd edib: “Son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri bu sahədə çox ciddi tədqiqatlar aparır, hesabatlar hazırlayır: Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində hesabatına baxsaq, orada çox ciddi rəqəmlər və proqnozlar olduğunu görərik. Xüsusilə də süni intellekt tipli texnologiyaların və yaşıl keçid transformasiyasının tətbiqi nəticəsində dünyada 90 milyondan çox iş yerinin ləğvi, lakin onun əvəzində 170 milyona yaxın yeni iş yerinin formalaşdırılmasından söhbət gedir.
Sevindiricidir ki, yeni iş yerləri formalaşacaq, ancaq bu, ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək. Çünki ləğv olunan iş yerlərinə münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq təşkilatlar, şirkətlər, istərsə də dövlətlər vətəndaşları hazırlamaq üçün ciddi tədbirlər həyata keçirir.
Qürurla bildirməliyik ki, Azərbaycan da bu istiqamətdə heç də gecikməyib, tam vaxtında əməli tədbirlər, islahatlar aparılır. Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu fonda islahatlarını davam etdirir”.
Ülvi Mehdiyev diqqətə çatdırıb: “13 ildir yaradılan ASAN Xidmət Prezident İlham Əliyevin dövlət xidmətləri və idarəetməsi sahəsində bir innovasiyasıdır. Həmin innovasiya artıq bu gün 30-dan çox ölkəyə ixrac olunur: “ASAN xidmət” konsepsiyasının mahiyyəti və məqsədi də vətəndaşyönümlü, etik və məsuliyyətli xidmətlərin təşkilidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların tətbiqinin rolu var. Məhz buna görə də “ASAN xidmət” bu gün Azərbaycanın intellektual brendi kimi dövlət xidmətləri sahəsində digər ölkələrə ixrac olunur, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, süni intellekt tipli yeni texnologiyalar müasir çağırışlar yaradır. Biz bu yeni çağırışlara cavab vermək üçün islahatları, təkmilləşdirmələri aparmalıyıq”.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (#DOST) Agentliyi tərəfindən təşkil olunan beynəlxalq konfransın əsas məqsədi sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.
 
										















