Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edirbackend
Azərbaycan koronavirus pandemiyasə ilə mübarizədə dünyanın ən öndə gedən ölkələri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb, əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafisəinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib. 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda Prezident İlham Əliyev bildirmişdir ki: “Bizim üçün prioritet məsələ – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Təsadüfi deyil ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə hesab edir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.

Bizim eramızda epidemyaların tarixinə nəzər salsaq görərik ki, bəşəriyyət bu gün yaşanan pandemiyadan da dəhşətli epidemiyaların şahidi olub. 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%-i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib.

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.

Həqiqətən də vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Bununla yanaşı peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısını birlikdə ala bilərik. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər.

İnanın ki, sağlam və firavan gələcək öz əlimizdədir. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Epidemioloji sabitlik yalnız ölkə əhalisinin 70-80%-dən çoxu vaksinasiya olunduğu təqdirdə yarana bilər. Azərbaycan xalqı Vətən müharibəsində “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib olduğu kimi pandemiya ilə mübarizədə də qalib gələcəkdir.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini