Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədirbackend

Məlum olduğu kimi, Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuş bu diyar Qərblə Şərq, Şimalla Cənub arasında “Qızıl körpü” rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir. Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir. Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Burada Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır. Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.

Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır. Ölkə əhalisinin 90%-dən çoxunu azərbaycanlılar təşkil edir. Təxmini hesablamalara görə bu gün dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. İran, Gürcüstan və Dağıstanda yığcam halda yaşayan milyonlarla azərbaycanlı bu yerlərin qədim sakinləridir. Təkcə İranda 30 milyon azərbaycanlı yaşayır. 20-ci əsrdə indiki Ermənistan ərazisindən dəfələrlə deportasiya olunmuş yüz minlərlə azərbaycanlı da oranın köklü əhalisi idi. MDB məkanında – Rusiya, Orta Asiya respublikaları, Qazaxıstan, Ukrayna və s., həmçinin, Avropa və Amerika qitələrində müxtəlif dövrlərdə Azərbaycandan köçmüş xeyli azərbaycanlı yaşayır.

Azərbaycanlıların dili türk dillərinin cənub-qərb və yaxud oğuz qoluna aiddir. Bu dil türk, türkmən, qaqauz və Krım tatarlarının dilinə çox yaxındır. Azərbaycan dili tarixən nəinki ölkə daxilində, hətta bütün Qafqazda və Ön Asiyada yaşayan xalqlar arasında ünsiyyət saxlamaq üçün vasitəçi dil rolunu oynamışdır. 19-cu əsr Avropa və Rusiyanın görkəmli yazıçı və səyyahları Azərbaycan dilinin regionda oynadığı rolu barədə yüksək fikirlər söyləmişlər. Rus yazıçısı A. Bestujev-Marlinski yazırdı ki, Cənubi Qafqaz diyarının Azərbaycan dili türk dilindən az fərqlənir və Avropanı fransız dili ilə gəzmək mümkün olduğu kimi, bu dillə də bütün Asiyanı başdan-başa gəzmək olar. Azərbaycanlıların ölkədə yaşayan xalqlar arasında birləşdirici rol oynaması xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, bu fenomen azərbaycanlıların milli mentalitetindən, xalqların mədəniyyət­lərinə tolerant münasibətindən irəli gəlir.

Azərbaycanlılardan başqa respublikada bir sıra azsaylı xalqlar və milli azlıqlar məskunlaşmışdır. Bunlar hind-Avropa dilləri ailəsinin İran dilləri qru­puna daxil olan tatlar, talışlar, kürdlər, dağ yəhudiləri, Qafqaz dilləri ailəsinin Şərqi Qafqaz (Dağıstan) qrupunun avar-and-sez yarımqrupuna daxil olan ləzgilər, avarlar, udilər, saxurlar, “Şahdağ qrupu” xalqları (xınalıqlılar, buduqlar, qrızlar), Qafqaz dillərinin kartvel qrupuna daxil olan və gürcü dilinin ingiloy ləhcəsində danışan ingiloylardır. Bundan başqa Azərbaycanda 19 əsrin 30-cu illərində gəlmiş və şərqi slavyan dilləri qrupuna daxil olan ruslar, həmçinin keçən əsrin 50-60-cı illərindən Axıska türkləri məskunlaşmışlar. Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait azərbaycanlıların və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur. Şübhəsiz ki, burada xalqlar arasında gedən intensiv ticarət-iqtisadi və etno-mədəni əlaqələr də az rol oynamamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar, öz dinc axarı ilə getmiş, etnik münaqişələr və gərginlik üçün zəmin olmamışdır. Burada xalqların ənənəvi məişət və mədəniyyətlərindəki ümumi və spesifik cəhətlər sıx vəhdətdə olub bir-birini tamamlayır. Bununla yanaşı hər bir xalq sayından asılı olmayaraq spesifik, lokal mədəniyyətə malikdir. Respublikada fəaliyyət göstərən mədəniyyət mərkəzləri bu xalqların milli adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır.

Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi birgəyaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar.

Lakin Ermənistan dövlətinin  işğalçı siyasəti nəticəsində, həmçinin, erməni silahlı qüvvələri və terror qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlar da bu çətinlikləri birgə yaşamağa məcbur olmuşlar.

Bu gün müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar. Onlar respublikamızın siyasi-icti­mai həyatında fəal iştirak edirlər. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi seçki komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar.

Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri