Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdirbackend

Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir.

Birgə əməkdaşlığın davamı olaraq iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edə bilərik ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirmişdir. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.

Mətbuata birgə bəyanatda Prezident cənab İlham Əliyev Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumundan danışarkən xatırladıb ki, enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi var: “Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var”.

Bu gün Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra isə Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Məhz ölkə rəhbərinin birbaşa təşəbbüsü və dəstəyi ilə reallaşan bu layihə Aİ ölkələri üçün çox böyük önəm kəsb edir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdirdiyi göz önündədir. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri, iki ildən az müddətdə tam gücü ilə işə başlayan Cənub Qaz Dəhlizi bunların bariz nümunəsidir.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan bu Memorandum həm də gələcək əməkdaşlığımızın yol xəritəsidir. Qeyd edə bilərik ki, imzalanan sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişafında yeni səhifə açıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İttifaqa üzv dövlətlərlə ölkəmizin əlaqələri daim inkişaf edir.

Aİ ölkələri ilə şəbəkələşmənin vacib olduğunu qeyd edən ölkə başçısı bildirmişdir ki, münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Həmçinin, nəzərə çatdırılıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işlər davam edir. Bu da ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqd.

Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Aİ ilə ikitərəfli qaydada işləməklə Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə uğurla başa çatdırılacaqdır.

Hazırda Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır.  Həmçinin hər iki tərəf arasında əlaqələrin şaxələndirilməsi və daha da genişləndirilməsi üçün böyük potensial var. Anlaşma Memorandumu da bunun bariz nümunəsidir. Xarici siyasətdə əsas prioritetləri tərəfdaşlıq, əməkdaşlıq olan Azərbaycanın Aİ ilə münasibətləri daha da genişlənəcək və bu əməkdaşlıq ölkəmizin gəlirlərinin artmasına, beynəlxalq nüfuzunun daha da möhkəmlənsinə gətirib çıxaracaq.

Əlbəttdə bütün bunların fonunda deyə bilərik ki,  bu gün Prezident cənab İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu münasibətlərin qurulmasına əsaslanır.

Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq həm də Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə pozulmazlıq təminatı verən yeni hüquqi-siyasi sənəddir.

Bu gün əminliklə deyə bilirik ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Bu mənada Azərbaycan cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu ilə beynəlxalq və regional təhlükəsizliyin qarantına çevrilmişdir.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon təşkilatının ƏİPT sədri