İyulun 11-də İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”ni Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nu Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın energetika naziri Musadik Masud Malik və Azərbaycanın energetika naziri Pərviz Şahbazov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”nı Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri xanım Şaza Fatima Xavaca və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.