Azərbaycan-İtaliya münasibətlərinin keçmişi və bugünü – Nurlan Şakiroğlu yazır…backend

Azərbaycan və İtaliya – bu ölkələri birləşdirən ən əsas ortaq amil hər iki ölkənin çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkələrin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunub saxlanması, dünyaya zəngin mədəniyyət nümunələri bəxş etməsi və bu kimi xeyli sayda faktlardır.

Ölkələr arasında əlaqələrin formalaşmasına gəldikdə isə bu tarix eramızdan əvvəlki dövrə təsadüf edir. Orta əsrlərdə də Azərbaycan və İtaliya arasında ticarət əlaqələri mövcud olmuşdur. İki ölkə arasında siyasi müstəvidə əlaqələrin qurulması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Belə ki, AXC dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik etmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun ilk müstəqilliyini tanıyan dövlətlərdən biri də məhz İtaliya olmuşdur. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci il də tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir.

Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Avropa İttifaqının aparıcı dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. Ölkə başçısı cənab İlham Əliyevin son 2 il ərzində İtaliyaya baş tutan səfərləri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Tək 2020-ci ilin fevral ayında baş tutan səfər çərçivəsində ümumilikdə 28 sənəd imzalanmışdır ki, bu da əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan vermiş, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artırmışdır.

Yeri gəlmişkən, çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional proseslərə, problemlərə ümumi baxış, habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Bu baxımdan Azərbaycan və İtaliya arasında imzalanan sənədlər tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.

Qeyd etmək istərdim ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsindən sonra Qarabağda icrasına başlanan layihələrə  ilk növbədə məhz müharibə dövründə ölkəmizə dəstək olan dövlətlərə üstünlük verildi ki, bu dövlətlərdən biri də İtaliyadır.

Prezident İlham Əliyev İtaliyaya son səfəri çərçivəsində sentyabr ayının 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı iki ölkə arasında enerji, iqtisadi və təhsil sahələrində sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu barədə geniş məlumat vermişdir. O, öz çıxışında vurğulamışdır ki, Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.

Bu gün Azərbaycanla İtaliya arasında təhsil sahəsində də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir.

Göründüyü kimi bugün Azərbaycanla – İtaliya arasında həm siyasi, həm  iqtisadi, həm də təhsil sahəsində olduqca sıx əlaqələr mövcuddur və ümid edirik ki, münasibətlərin bu müstəvidə davam etməsi gələcəkdə də ölkəmizin davamlı inkişafına təsiri baxımından böyük rol oynayacaq.

Nurlan ŞAKİROĞLU,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi