Azərbaycan məqsədlərinə doğru inamla irəliləyirbackend

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun “Azərbaycan məqsədlərinə doğru inamla irəliləyir” sərlövhəli məqaləsi “Azərbaycan” qəzetində dərc olunub:

“Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan siyasi kursu nəticəsində Azərbaycanda böyük iqtisadi potensial formalaşıb, müasir dövlət və cəmiyyət quruculuğu təmin edilib, təhlükəsizlik, sosial rifah və ordumuzun gücləndirilməsi sahələrində mühüm nailiyyətlər əldə olunub. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artırılmasını, Azərbaycanın regional və qlobal miqyasda strateji əhəmiyyətinin yüksəldilməsini təmin edib.

 

Prezident-xalq birliyinə söykənən bu siyasət nəticəsində Azərbaycan müstəqillik tarixinin ən mürəkkəb çağırışlarını uğurla dəf edərək suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Şuşada, Ağdamda, Xankəndidə, Xocalıda, Cəbrayılda, Laçında, Kəlbəcərdə və digər tarixi torpaqlarımızda üçrəngli bayrağımız ucaldıldı. 2024-cü il fevralın 7-də keçirilmiş və xalqımız tərəfindən Zəfər seçkisi adını almış prezident seçkilərinin nəticələri isə xalqın Liderinə olan inamını, sevgisini aydın şəkildə göstərdi.

 

“Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar…. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. İki il öncə andiçmə mərasimindəki nitqində möhtərəm Prezidentimizin səsləndirdiyi bu fikir, eyni zamanda ölkəmiz üçün tarixi zəfərlərlə zəngin mühüm dövrdən inkişafın yeni mərhələsinə keçidi xarakterizə edir.

 

Müstəqilliyimizin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan təxminən 30 il ərzində böyük inkişaf yolu qət edərək, bütün sahələrdə mövqelərini gücləndirərək tarixi qələbəmizə doğru addım-addım irəlilədi. Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu. Dövlətimizin başçısı 2023-cü il oktyabrın 15-də – prezidentlik fəaliyyətinin 20-ci ilində Xankəndidə üçrəngli bayrağımızı ucaltdı, Azərbaycan ərazisində separatizmin kökü kəsildi.

 

Gücünü xalqın dəstəyindən alan dövlət başçısının qətiyyətli rəhbərliyi ilə bu gün Azərbaycan inkişafının yeni mərhələsində inamla addımlayır. Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz regionda yeni reallıqlar yaradaraq, qlobal əməkdaşlıq üçün geniş imkanlar açıb, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunub.

 

Azərbaycanın iqtisadi qüdrətinin, milli həmrəyliyinin təzahürü kimi Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və yenidənqurma işləri xalqımızın quruculuq əzmini bütün dünyaya nümayiş etdirir. Doğma torpaqlarımızda 70 mindən çox insan böyük qürur hissi ilə yaşayır, çalışır və ya təhsil alır.

 

Bu gün azad torpaqlarımız artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün, Türkiyə-Azərbaycan-Pakistan liderlərinin üçtərəfli görüşünün azad və çiçəklənən Qarabağda və Şərqi Zəngəzurda keçirilməsi, çoxsaylı dövlət və hökumət başçılarının tarixi torpaqlarımıza səfərləri Azərbaycanın siyasi, diplomatik və geostrateji uğurlarının rəmzidir.

 

Regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçılarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyası Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq, təkmilləşdirilir. Bu gün Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir. Müxtəlif ölkələrdə həyata keçirilən layihələrdə uğurla iştirak edir.

 

Eyni zamanda aparılan fəal siyasi dialoqlar, qurulan əməkdaşlıqlar, icra olunan nəhəng layihələr ölkəmizin regionda əsas tranzit və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu gün regionumuzda yeni əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb. Məhz Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və sabitliyin bərqərar olması regionu xarici investorlar üçün daha da cəlbedici edir.

 

Beləliklə, Zəfər seçkisində öz Liderinə sarsılmaz inamını bir daha ifadə edən Azərbaycan xalqı milli həmrəylik ruhunda yeni hədəflərə doğru inamla irəliləyir. Xalqın güclü siyasi iradəsi və dəstəyi ölkəmizin qarşısında duran strateji vəzifələrin ardıcıl və qətiyyətlə həyata keçirilməsinə möhkəm zəmin yaradır”.