Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyibackend

Son dövrlər Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən  Özbəkistan arasında münasibətlərdə bariz şəkildə davamlılıq müşahidə olunmaqdadır. 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərilə eyni tarixə təsadüf edən Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyun 2022-ci ildə həmin ölkəyə dövlət səfəri çərçivəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsi məsələlərinin müzakirəsi və bir sıra mühüm sənədlərin imzalanması hər iki  dövlət arasında ikitərəfli münasibətlərin geniş vüsət almasına sübutdur.

Diplomatik əlaqələri 1995-ci ildən qurulan bu dövlətlərin dostluq və qardaslıq münasibətlərinin kökü qədim dövrlərə gedib çıxır. Çünki ortaq tarixə, dinə və mədəniyyətə, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr olduqca əzəlidir. Mövcud əlaqələr içərisinə ədəbi əlaqələrin xüsusi yeri vardır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra dövlət ərazilərində səfirliklərinin yaradılması sayəsində diplomatik cəhətdən də öz birliklərini nümayiş etdirə bilmiş, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malik olmuşdur. Bu  dostluq və qardaşlıq əlaqələrinin fonunda hələ vaxtilə Özbəkistan Respublikasının ilk prezidenti İslam Kərimovun Azərbaycana ilk rəsmi səfəri, ümummilli liderimiz Heydər Əliyevin Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkəndə səfəri də əlaqələrin möhkəmlənməsi baxımından çox mühüm əhəmiyyət kəsb edən hadisələrdir ki, bu zaman dövlətlər arasında imzalanan müvafiq sənədlər də əlaqələrin qırılmazlığı və inkişafına xidmət etmişdir.

Özbəkistan uzun illər davam etmiş və 44 günlük Vətən Müharibəsi nəticəsində şanlı qələbəmizlə sonlanmış Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən ölkə olmuşdur. Belə ki, 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı strateji münasibətlərin əsasını qoyan “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”də tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci ildə səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmuşdur.

2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik emiş, həmin il İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirmişdir. Bütün bu tarixi, mədəni və strateji əməkdaşlıq fəaliyyətləri Azərbaycan-Özbəkistan əlaqələrinin intensivliyinin təminatçısı olmaqla, münasibətlərin genişlənməsi və möhkəmlənməsinə xidmət edir.

Bakı Slavyan Universiteti

Dosent Fatimə Vəliyeva