Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
İctimai.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.
Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan verib.
Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.