Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatırbackend

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoymuşdu. Məhz ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə nüfuzlu söz sahibinə çevrilməsini təmin edib. Vətən Müharibəsində qazandığımız möhtəşəm Zəfərimiz Azərbaycanın güclü dövlət olduğunu bütün dünyaya sübut etdi. Dünyada mövcud olan hər bir ölkə isə güclü dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır. Məhz bu səbəbdən də Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Sıx əməkdaşlıq edən ölkələrlə münasibətlər isə daha da inkişaf edərək strateji tərəşdaşlıq və müttəfiqlik səviyyəsinə gəlib çatır. Müharibədən sonrakı dövrə nəzər yetirsək Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əlaqələr qurur, müqavilələr imzalayır. Sözsüz ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada tərəfdaşlar qazandırır. Bundan başqa iqtisadiyyatı daha da inkişaf etdirməyə kömək edir.

Azərbaycan Prezdenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirilən geniş tərkibdə görüş zamanı qeyd etmişdir ki, “Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”.

Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə yeni bir səviyyəyə çatıb.

Səfər çərçivəsində aparılan danışıq və imzalanan bütün sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək. Dövlət başçımızın bəyan etdiyi kimi: «Bizim aramızda əsil qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq».

Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Ölkələrimiz belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.

Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək. Ortaq tariximiz, mədəni irsimiz, dilimiz, dinimiz, adət və ənənələrimiz, eyni kökə və eyni etnosa mənsub olmamız bu əlaqələri daha möhkəm edəcək.

Fuad Heydərli

YAP Səbail rayon təşkilatının təlimatçısı