Azərbaycan-Qırğızıstan münasibətləribackend
Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında cari ildə diplomatik münasibətlərin qurulmasının 30-cu ili tamam olur. Hər iki ölkə arasında diplomatik münasibətlərin ötən zaman ərzində əhəmiyyətinə nəzər salsaq, bu münasibətlər dövrünü qənaətbəxş və qeyri-qənaətbəxş olmaqla, əsasən iki hissəyə bölmək olar.
Qeyri-qənaətbəxş olan dövrlərin əsl səbəbini araşdırsaq görərik ki, Bu problemlər əsasən müxtəlif zamanlarda, o cümlədən 1990-2005-ci illərdə Qırğızıstan Respublikasının prezidenti olmuş Askar Akayevin və 2011-2017-ci illərdə Qırğızıstan Respublikasının prezidenti olmuş Almazbek Atambayevin prezidentliyi dövründə Qırğızıstana rəhbərlik etmiş şəxslərin səhvləri səbəbindən baş vermişdir.
Qırğızıstan Respublikasının prezidenti Askar Akayev vaxtilə İrəvana səfər edərək ”soyqırım” abidəsinə gül-çiçək qoyması bu ölkə rəhbərinin nə qədər dayaz düşüncəli və öz soy kökündən məlumatsız olmasından xəbər verirdi və təbi ki, bu cür münasibət  Azərbaycan tərəfindən müsbət qarşılana bilməzdi. Növbəti səhv addım isə Qırğızıstan Respublikasının sabiq prezidenti Almazbek Atambayevin prezidentliyi dövründə baş vermişdir. Burada söhbət Bişkəkin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasından gedir. ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilirdi ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir. Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunurdu.
Ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, Birləşmiş Millətlər Təşkilatınin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Bu səbəbdən də həmin vaxt Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyildi.
Lakin, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bir çox ölkələr yeni reallıqla barışaraq Azərbaycan dövlətinin gücü və beynəlxalq birliklərdə nüfuzundan faydalanmağa can atırlar.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan-Qırğızıstan münasibətləri hazırda keyfiyyətcə yeni səviyyəyə qədəm qoyub. Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri və bu səfər zamanı on sənədin, xüsusən də Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması bu baxımdan çox önəmlidir.
Tərəflər arasında nəzərdə tutulan strateji tərəfdaşlıq gələcəyə yönəlmiş, sıx əməkdaşlıq, qlobal və regional proseslərə və problemlərə birgə yanaşma və bütün bölgələrdə sülh, sabitlik və əminamanlığı inkişaf etdirmək üçün ortaq bir nöqtəyə yönəldilmiş əməkdaşlıqdır.
Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırda keyfiyyətcə yeni səviyyəyə qədəm qoyması hər iki ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da genişlənməsinə, həmçinin milli maraqlardan çıxış edərək bir-birini dəstəkləməsinə təkan verəcəkdir. Bu isə ilk növbədə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, ECO kimi beynəlxalq təşkilatlarda hər iki ölkənin maraqlarının qarşılıqlı dəstəklənməsi baxımından mühüm əhəmiyyə kəsb edir. Eyni zamanda,  ümid edirik ki, ölkələrimiz arasında dostluq, qardaşlıq və iqtisadi əlaqələr bundan sonra daha da  möhkəmlənərək sarsılmaz olacaq.
UNEC Biznes Mərkəzinin direktoru,
YAP Səbail rayonu İstiqlaliyyət 6 ƏPT-nın sədri
H.f.d., dos. Mikayıl Zeynalov