“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidməti var”backend

“Digər sahələrdə olduğu kimi cənab Prezident İlham Əliyevin rəhbərliyi və yürütdüyü siyasət nəticəsində Azərbaycanda təhsil sistemi yeni inkişaf  mərhələsini yaşamaqdadır. Bura həm müasir dövrün tələblərinə cavab verən yeni və ən müasir maddi-texniki baza, avadanlıqla təmin oluanan məktəb binalarının tikintisi, həm də təhsilin keyfiyyəti daxildir. Artıq həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, azərbaycanlı şagirdlər beynəlxalq  olimpiadalarda ən yüksək nəticələrə göstərməkdədir”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsinin inkişafında Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müstəsna xidməti var.

“Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib və bu layihələr davam etməkdədir. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib” – deputat qeyd edib.

O əlavə edib ki, bunun növbəti bariz nümunəsi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində tikilən yeni 304 saylı orta məktəbin istifadəyə verilməsidir.

“Bu məktəb Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri olan “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində tikilərək istifadəyə verilib. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir. Məktəb ən müasir maddi-texniki baza və avadanlıqla təchiz olunub ki, bu da keyfiyyətli təhsilin verilməsinə imkan yaradacaq.  Təhsil sahəsində uğurla yürüdülən siyasət nəticəsində  təkcə  son belə yaxında  Sabunçu rayonu ərazisində 13  məktəb əsaslı təmir olunan, əlavə korpuslar tikilib və ya yenisi tikilib. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır” – deputat  bildirib.