Azərbaycan VCT-larının Moldovaya Tədqiqat Səfəri uğurla başa çatıbbackend

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) dəstəyi ilə əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri “Azərbaycanda Vətəndaş İştirakının Gücləndirilməsi” (SPA) proqramı çərçivəsində 27–31 yanvar 2025-ci il tarixlərində Moldova Respublikasında təcrübə mübadiləsi səfərində iştirak ediblər.

Beş gün davam edən səfər çərçivəsində iştirakçılar Moldova QHT-ləri, sosial müəssisələr və yerli icmalarla görüşlər keçirərək sosial inklüzivlik, əlilliyi olan şəxslərin hüquqları, məşğulluq, psixososial xidmətlər və innovativ sosial təşəbbüslərlə bağlı uğurlu təcrübələrlə tanış olublar.

Ziyarətlər zamanı Balti şəhərinin Sosial İnklüzivlik Strategiyası, “Credem ECO” müəssisəsinin sosial layihələri, “Casmed” QHT-nin sosial, tibbi və məşğulluq sahəsindəki fəaliyyəti, psixososial yardım xidmətləri və digər təşkilatların iş təcrübələri öyrənilib. İştirakçılar həmçinin Moldova Respublikası Karlar Assosiasiyası, Autizm Mərkəzi, “Zəif Görmə” Mərkəzi, Korlar Assosiasiyası və digər təşkilatların təqdimatlarını dinləyiblər.

Azərbaycan QHT-ləri də öz fəaliyyət istiqamətlərini təqdim ediblər. Bu çərçivədə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyini təşkilatın nümayəndəsi Emin Mehdizadə təmsil edib. Təqdimatlar zamanı Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, əlilliyi olan şəxslərin sosial inteqrasiyası və inklüziv cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.

Səfər çərçivəsində iştirakçılar həmçinin Moldova icmalarında fəaliyyət göstərən sosial müəssisələr, o cümlədən “Floare de Cires” sosial iaşə müəssisəsinin uğur hekayəsi ilə tanış olub, təcrübə mübadiləsinin davam etdirilməsi üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Beş günlük proqram çərçivəsində keçirilən görüşlər və müzakirələr Azərbaycan QHT-lərinin təcrübə zənginləşməsinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə və inklüziv sosial siyasətin inkişafı üçün yeni imkanların yaradılmasına töhfə verib.