Azərbaycan və Avropa Birliyi münasibətləri yüksələn xətlə inkişafını edirbackend

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa Birliyi ilə əlaqələri bugünədək yüksələn xətlə inkişaf etmiş, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə əməkdaşlıq edilmişdir.

Azərbaycanın regiondakı strateji tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.

1996-cı ildə imzalanmış Lüksemburq şəhərində imzalanmış  və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.

1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir.

Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” idi. 2004-cü ildə Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasəti proqramına daxil edilmişdir. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini almışdır.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanmışdır. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir:

  • Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması;
  • Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi;
  • Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması;
  • Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Avropa İttifaqı ilə əlaqələr indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq – Qərb nəqliyyat – kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirmişdir. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.

Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanmışdır. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə 5 dekabr 2013-cü il tarixində Brüssel şəhərində imzalanmışdır. Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

2017-ci ilin noyabrında  Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitinin qəbul edilmiş Birgə Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  bir daha dəstəklənib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb. Sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

2018-ci ilin iyulunda  Brüsseldə Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə  Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi oldu.

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub.

 Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. “Cənub Qaz Dəhlizi” Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetləri sırasındadır. Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə 13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanmışdır. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şah Dəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir.

29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilometrlik “Cənub qaz dəhlizi” üç kəmərdən – CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə — Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, İtaliya, Türkiyə, Yunanıstan iştirak edir.  Həmçinin 3 Balkan ölkəsi — Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşuldular.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirib. Bəyanatın diqqət çəkən müddəalarından biri də Avropa İttifaqı rəhbərinin Ermənistan ilə Azərbaycana “münaqişə irsinin aradan qaldırılması” tövsiyəsidir.

Prezdient İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasda iştirakı, iki tərəfli və üç tərəfli görüşlərin təşkili və xüsusilə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar Avropa İttifaqının Cənubi Qafqaz regionunda daha fəal rol oynayacağını təsdiqlədi. Buna görə də beynəlxalq aləmdə gedən proseslərə güclü təsiri olan Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin bundan sonra da intensiv inkişaf etməsi istər lokal, istərsə də qlobal səviyyədə strateji əhəmiyyət daşıyır.

Abbas Pənahov

YAP Nəsimi rayon təşkilatının sədr müavini