Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədirbackend

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi və digər qarşılıqlı faydalı tədbirlərin reallaşması təmasları daha da dərinləşdirməkdədir. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib, eləcə də parlamentlərarası əməkdaşlığın genişlənməsi dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynamaqdadır.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri ikitərəfli əlaqələrin daha da irəliyə aparılmasında yeni imkanlar yaradan mühüm siyasi hadisə kimi xarakterizə oluna bilər. Prezident Aleksandar Vuçiç ilə keçirilən təkbətək görüş zamanı tərəflər münasibətlərin mövcud vəziyyətini dəyərləndirib, böyük potensiala malik imkanların daha da inkişaf etdirilməsi üçün birgə vacib addımların atılmasının zəruriliyinə toxunublar.

Belqradda keçirilən Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası tərəflər arasında dərin etimadın və dostluğun bariz nümunəsinin rəmzi olmaqla diqqətçəkən mühüm məqamlarla yadda qalıb. İlk strateji iclasın Serbiyanın milli bayramı – Dövlətçilik Günündə keçirilməsi görüşün əhəmiyyətini və Azərbaycanın Belqrad üçün yaxın dost ölkə olduğunu nümayiş etdirdi. Səfər zamanı imzalanmış sənədlər sırasında iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi və qorunması, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələri əhatə edən razılaşmalar xüsusi yer tutur. Enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi diqqət çəkir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Serbiya ilə qaz təchizatı və enerji infrastrukturu üzrə əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilmiş razılaşmalar Serbiyanın enerji mənbələrinin şaxələndirilməsinə, Azərbaycanın isə Avropa bazarındakı mövqeyinin möhkəmlənməsinə xidmət edir. İmzalanmış sənədlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi ilə bağlı razılaşmalar iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini şərtləndirir. Xüsusilə infrastruktur layihələri və tikinti sektorunda əməkdaşlıq üçün geniş potensial mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində Serbiya şirkətlərinin iştirakı da perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilir. Humanitar və mədəni əməkdaşlıq da imzalanmış sənədlərdə öz əksini tapmışdır. Təhsil, elm, mədəniyyət və idman sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu sahədə həyata keçiriləcək birgə layihələr, tələbə mübadiləsi proqramları və mədəni tədbirlər iki ölkə arasında ictimai diplomatiyanın inkişafına təkan verəcəkdir.

Siyasi müstəvidə isə tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələlərində ortaq mövqedən çıxış etdiklərini bir daha bəyan etmişlər. Bu yanaşma həm Azərbaycan, həm də Serbiya üçün prinsipial əhəmiyyət daşıyır və qarşılıqlı dəstək münasibətlərin strateji xarakterini gücləndirir.

Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, ölkələrimiz siyasi dialoqdan real iqtisadi və enerji təhlükəsizliyi platformasına keçid edib. Şübhəsiz ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur. Bu uğurlar Azərbaycan liderinin qətiyyətli siyasəti və tərəfdaşlarla səmərəli dialoqu sayəsində təmin olunur.

 

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri