Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yaninda olublarbackend

İctimai.az YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü Bəyim Nəbiyevanın fikirlərini təqdim edir:

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində şücaətli Ordumuzun müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünyasına qürur verən hadisə oldu. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu. Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, işğalçılıq siyasəti nəticəsində indiyə kimi tamamilə təcrid vəaiyyətində qalan Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələrinə, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcəkdir. Otuz ilə yaxın erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır, erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələrimiz, Azərbaycan xalqının dini, mədəni irsi bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.

Müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Artıq konkret müqavilələr də var və bu işə Qarabağın bərpası prosesinə xarici ölkələrin marağı da artır. Azərbaycanın sevincini bölüşən və Qarabağın bərpasına töhfə vermək istəyən qardaş və dost ölkələr də erməni vandalizminin izlərini silməyə hazır olduqlarını bildirirlər. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir ki: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirmişdir ki: “Azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar. Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır”.

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. İstər Çanaqqala savaşında Azərbaycan könüllülərinin iştirakı, istərsə də Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə Azərbaycana qardaşlıq dəstəyi, daşnak ünsürlərini məğlub etməsi tarixi zərurətdən yaranan həqiqət idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. İkinci Qarabağ müharibəsində tarix yenidən daha təntənəli, daha mütəşəkkil şəkildə təkrarlandı.

Bütün bunlar aydın və qəti surətdə göstərir ki, Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq duyğularından qaynaqlanan hərtərəfli əməkdaşlığı və ümumi birliyi bundan sonra müttəfiqlik münasibətləri ilə daha da möhkəmlənəcək. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, əbədidir. Allah Türk millətini qorusun!”