Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olurbackend

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir.

Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır. Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, söz və mətbuat azadlığı, siyası partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün Qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, uzaqgörən siyasəti ilə ölkəmizi irəli aparır.

Və təsadüfi deyildir ki, ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciət edərək bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Böyük sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və onun uzaqgörən və güclü siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində, haqq savaşında Azərbaycan Ordusu böyük şücaət göstərərək 30 ilə yaxın həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu bizi.

Bu gün hər bir azərbaycanlı bunun haqlı qürurunu yaşayır.

Çünki Azərbaycan haqq səsini, öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.

Bu 44 gündə Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomotik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyevin Şuşanın ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Ali Baş Komandan cənab İlham Əliyev nümayiş etdirdiyi böyük siyasət nəticəsində ata vəsiyətini yerinə yetirdi və Şuşanı azad etdi.

Artıq Ulu Öndərin ruhu şaddır bu gün! Çünki canından çox düşündüyü Azərbaycan xalqı uzun illərlə mənfur düşmən tapdağı altında olan və həsrətini çəkdiyi əbədi və əzəli torpaqlarına qovuşdu.

Aydan Qurbanova