Azərbaycan XİN 2019-cu ilin yekunlarına dair hesabat hazırlayıbbackend

Azərbaycanın Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair hesabat hazırlayıb.

İctimai.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, hesabatda deyilir:

“Ötən 2019-cu il ərzində beynəlxalq münasibətlər müstəvisində artan siyasi və iqtisadi gərginlik şəraitində Azərbaycan Respublikası milli maraqlarına arxalanan müstəqil xarici siyasət kursunu uğurla davam etdirmişdir. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər fonunda daxili sabitlik və ardıcıl inkişaf tempini təmin etmək, dövlət idarəçiliyi sahəsində əsaslı islahatlar yeritmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və fəal iştirakçısı olduğu irimiqyaslı layihələri səmərəli şəkildə həyata keçirməklə ölkəmiz beynəlxalq səviyyədəki yüksək nüfuzunun daha da artmasına müvəffəq olmuşdur.

2019-cu il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlamətdar olmuşdur. Yüz il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək məqsədilə təsis edilmiş Xarici İşlər Nazirliyi ona həvalə edilmiş mirasın qorunması və inkişaf etdirilməsi yolunda ötən bir əsirlik dövrdə səylərini əsirgəməmişdir. Diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz təbrik müraciətində vurğulamışdır: “Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var.

Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar sosial-iqtisadi sabitlik və inkişafı təmin etməklə yanaşı ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin artmasına münbit zəmin yaratmışdır. Dövlətimizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olan xarici siyasət fəaliyyəti çoxşaxəlilik, çeviklik, şəffaflıq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yürüdülərək, Azərbaycanın etibarlı və davamlı tərəfdaş kimi beynəlxalq mövqeyinin güclənməsinə xidmət etmişdir.

İctimai.az