Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdirbackend

Müəllif: Muxtar Məmmədov
Göygöl rayon üzrə Maliyyə şöbəsinin rəisi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Bildirilib ki, Azərbaycanda iqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye artım məhz bu rəqəmdə özünü əks etdirir. Keçənilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Qeyri-neft ixracı 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İnvestorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Sözügedən amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür.
Cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Vergi yığımının şəffaf sistemi hər il təkmilləşir. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar.
Azərbaycanda çox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.
Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə xüsusi diqqət ayrılır. Son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, son beş il ərzində pambıqçılıq dirilib və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır.
Bu gün Azərbaycan mal əti ilə özünü təqribən 90 faiz səviyyəsində təmin edir, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərclənib. Bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Görülən tədbirlər sayəsində süd və süd məhsullarının istehsalı 80 faizə çatıb. Həmçinin toyuq əti istehsalı da 80 faizə çatıb. Heç vaxt tarixdə – sovet dövründə və müstəqillik dövründə ölkəmiz bu rəqəmlərə çıxmayıb. Təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edilir. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur.
Azad edilmiş torpaqlarda əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.
Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək mümkün deyil. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir. Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır.
Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün bu cür işlər davamlı şəkildə görülür. Təqdim olunan protezlər ən son texnologiyalar əsasında hazırlanıb. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər.
Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Əfsuslar olsun ki, bu günə qədər insanları itiririk.
Təkcə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda 700 kilometrə yaxın yol çəkilib. Bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə işlər çox çətin bir şəraitdə aparılır. İşğaldan azad olunmuş ərazilərdə hərbi xidmət aparmaq üçün lazımi şərait yaradılır. Həmin ərazilərdə xidmət aparmaq üçün müasir infrastruktur qurulur.
Elektrik təsərrüfatının yaradılması prosesinə start verilib. Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşulub. Heç biri indi avtonom qaydada işləmir. İndi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və ölkənin potensialını göstərir.
Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib. Tarixi abidələr bərpa olunur. Şuşa şəhərində mövcud istiqamətdə böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib.
Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Məktəblərin, xəstəxanaların təməli qoyulub. İşlər həm tez aparılmalıdır, həmdə ki, tələskənliyə yol verilməməlidir. Hər şey əsaslı olmalıdır. Öz doğma torpaqlarından qaçqın düşmüş insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Elə şərait yaradılmalıdır ki, onlar bundan sonra rahat yaşasınlar.
Azad olunmuş torpaqlarda bütün inşaat işləri şəffaf və tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib ki, maksimum şəffaflıq təmin edilməlidir. Xoşagəlməz hallara görə cəzalar çox sərt olacaqdır. İnfrastruktur layihələri ilə bərabər, Şuşada yaşayış kompleksinin inşasına start verilib. Zəngilanda Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlət məmurlarına təlimat verilir ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Heç kim məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir. İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Media nümayəndələrinin bu sahədə çox böyük rolu var. Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.
Hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutub. Bu mövzu bütün xalqı birləşdirirdi və hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Hərbi quruculuq prosesi davam olunacaqdır. Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə hər zaman düşünməliyik.
Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb.
Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır.
Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcəkdir. Yolun çəkilişinə rəsmi İrəvan artıq öz razılığını verib. Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaq.
Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası ümumən qənaətbəxşdir. Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Bircə gün də həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.