Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılırbackend

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.

Oxu.Az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0.3 manat, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 9 manat, mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat olmaqla hesablanır.

Mühərrikin həcmi 3 000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat, mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat, mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir.

Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1.2, dizel mühərrikli minik avtomobillərinə isə 1.5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1.5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.