Azərbaycanda benzinin qiyməti dəyişdibackend

Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

İctimai.az xəbər verir ki, aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.