Azərbaycanda daha bir nazirlik əməkdaşları arasında koronavirusa yoluxanlar var – RƏSMİbackend

Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında koronavirusa yoluxma halları müşahidə edilir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər:

“Təəssüflə bildirək ki, görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, FHN əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Bu əməkdaşların böyük hissəsi artıq sağalaraq xidmətə qayıdıb, qalanların isə müvafiq qaydada müalicəsi davam etdirilir.

Bu səbəbdən də Nazirliyin inzibati binalarında və xidməti ərazilərində əməkdaşlar arasında sosial məsafənin qorunmasına, qoruyucu maskalardan istifadə və sanitar-gigiyenik qaydalara əməl olunmasına ciddi nəzarət həyata keçirilir.

Bundan əlavə, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Nazirliyin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılır, binaya daxil olan hər kəsin gündəlik hərarəti ölçülür. Əməkdaşlar arasında yoluxma ilə bağlı hər hansı şübhə yarandıqda isə dərhal test götürülür”.

İctimai.az