Azərbaycanda evlilikdən öncə psixoloji müayinəyə start verilir – İlk dəfəbackend

Son illərdə boşanmaların sayının çoxalması nikahdan əvvəl psixoloji yoxlamalardan keçməyin vacibliyi mövzusunu aktuallaşdırıb. Bu gün dünyanın bir çox ölkələrində ailə quran cütlüklərdən psixoloji test tələb olunur. Bu, gələcəkdə boşanmaların, ailədaxili şiddətin qarşısını mümkün almaq məqsədi güdür. Azərbaycanda da evlilikdən öncə psixoloji testlərdən keçmələri təklif olunur.

Ölkə.Az xəbər verir ki, Psixologiya Elmi Tədqiqat İnstitutu Azərbaycanda ilk dəfə  “Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi” xidməti təklif edir.

Terapiyanın məqsədi evlilik öncəsi cütlüklərin psixoloji uyğunluğunun dəyərləndirilməsidir.

Proqrama cütlüklərin evlilik üçün psixoloji uyğunluq diaqnostikası, şəxsiyyət tipologiyalarının uyğunluluğu, cinsəlliyə baxış bucağı, ailə üzvlərinə (ana, ataya) bağlılığın olub-olmaması, gizli qorxular, narahatlıqlar və ifadə olunmamış gözləntilər və s. daxildir.

Bununla bağlı ölkəmizdə qəbul edilmiş qanun olmadığından xidmət yalnız könüllü şəkildə icra edilir.

Qeyd olunur ki, bu xidmət partnyorları qorxuya salmamalıdır.

“Bu gün boşanmaların daha çox səbəbi və əsas meyarı psixoloji uyğunsuzluqdur. Şəxslər ailə qurmazdan əvvəl psixoloji uyğunluq testindən keçərək gələcək həyatlarına daha sağlam baxış formalaşdıra bilərlər. Hansı ki, bununla onları gözləyəcək çətinliklərin öhdəsindən gələ biləcəklər. Çünki dəyərləndirmənin məqsədi onların qəti şəkildə bir-birinə uyğun gəlmədiyini demək və yaxud konfidensial məlumatlarını ötürmək deyil. Əksinə, onların zəif nöqtələrinə, bir-birlərinə qarşı daha doğru yönləndirmə və hazır sistemə salmaqdır. Psixoloji uyğunsuzluq olan şəxslər cütlük terapiyalarına cəlb olunacaqlar və qısa müddət ərzində onları biz gələcəyə hazırlayacağıq”.