Azərbaycanda gənclər cəmiyyətin bütün sferalarında  aktiv iştirak edirlər – Anar Məmmədovbackend

“Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafına şərait yaradıb. Ulu Öndərimizin sərəncamı ilə hər il 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu, Şərqi Avropa və MDB ölkələrində ilk göstəricidir. Gənclərimiz bu bayramı hər il böyük ruh yüksəkliyi ilə qeyd edirlər”.

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki,  Azərbaycanda gənclər cəmiyyətin bütün sferalarında  aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bu gün gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edib. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır.

A.Məmmədov qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir:  “Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı məqsədli proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, gənclərin bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlətin bütün strukturlarında, hakimiyyətin bütün qollarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, dünyanın ən mötəbər, miqyasına görə ən böyük gənclər tədbirlərinin Bakıda keçirilməsi yuxarıda dediklərimizi bir daha təsdiq edir”.

“Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Cənab Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi.

Hamı  döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək. Artıq əminliklə deyə bilərik ki, bütün sahələrdə ölkənin gələcəyini etibar edə, dövlətin yükünün altına çiyinləri davam gətirə biləcək gənclik formalaşıb”-deyə, millət vəkili vurğulayıb.