“Azərbaycanda gənclər siyasəti hər zaman prioritet istiqamət kimi qəbul edilib” — AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi, ötən gün cənab Prezident gənclərlə görüşdə sorosçuların gəncləri əhatə edərək, öz çirkin əməllərini reallaşdırmaq üçün alətə çevirmək istəyi ilə bağlı fikir bildirdi.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, dünyanın hər bir nöqtəsində gənclər aparıcı qüvvə hesab olunur. Digər əsas məsələ isə gənclik yaşının bioloji və psixoloji olaraq yeni mərhələ olmasıdır:

“Yeniyetməlik dövrünü yenicə bitirmiş insan keçid dövrü yaşayır. Ailədən asılılığın azalması, sərbəstlik, yeni mühit, qayğı və digər amillər burada böyük rol oynayır. Bir sıra təşkilatların, cənab Prezidentin adlandırdığı kimi, qlobalistlərin bizim ölkənin inkişafını və güclü dövlətə çevrilməsini həzm edə bilməməsi də bəllidir. Qeyd edim ki, ölkəmizdə yetişən intellektual və vətənpərvər gənclər həmin qurumların alətinə çevrilməyəcək. Çünki Azərbaycanda gənclər siyasəti hər zaman prioritet istiqamət kimi qəbul edilib və gənclər dövlətin qayğı və diqqəti ilə əhatələnib”.

Millət vəkilinin sözlərinə görə, dövlət gənclər siyasəti özündə elm, idman, mədəniyyət, dövlət idarəçiliyi və bütün istiqamətləri cəmləşdirib:

“Nəzər salsaq görərik ki, görülən işlərin həcmi kifayət qədər böyükdür. Gənclər üçün yaradılan şərait və görülən işlər təbliğ olunmalıdır. Hər bir Azərbaycan gənci bu imkanlardan məlumatlı olmalı və onun bundan istifadə üçün çıxışı olmalıdır. Beləliklə, Azərbaycan dövləti gənclərin inkişafı üçün çoxsaylı effektiv işlər görməklə öz gəncinin çirkin məqsədli təşkilatların təsir dairəsinə düşməməsi üçün də kifayət qədər əhəmiyyətli işlər görmüş olur. Bizim hər birimiz bu imkanları təbliğ etməli, gənclərimizin öz potensialını düzgün şəkildə və ölkəmiz naminə istifadəsi üçün hər an səy göstərməliyik”.