Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilirbackend

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) baş tutacaq, imtahanda iştirak etmək üçün 22 780 bakalavr ərizə təqdim edib.

İctimai.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd edilib ki, onlardan 20 790 nəfər Azərbaycan bölməsi, 1 990 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 391-i cari ilin, 7 389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16 499, Naxçıvanda 542, Gəncədə 1 533, Sumqayıtda 1 712, Abşeronda 1 235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 069 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.