Azərbaycandakı məktəblərdə rus bölmələri bağlanacaq?backend

“Bütün məktəblər Azərbaycan məktəbidir, hər kəs dövlət dilini mükəmməl bilməlidir”.

İctimai.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda dövlət büdcəsi hesabına təhsil alan şəxslərdən Azərbaycan dilini səlis bilməyi tələbində qeyri-adi heç nə yoxdur:

“Təəssüf ki, bəzən Azərbaycan dilində danışarkən şəkilçilərin düzgün işlədilməməsi intellektuallıq kimi təqdim olunur. Lakin başqa bir dildə bir vurğunu səhv tələffüz etmək belə savadsızlıq sayılır. Bizim dilimizə münasibətimiz dəyişməlidir”.

E.Əmrullayev əlavə edib ki, uşaqların digər dilləri öyrənməsi vacibdir və bu istiqamətdə addımlar atılmalıdır. Lakin bu, Azərbaycan dilinin statusu və rolu hesabına baş verməməlidir:

“Azərbaycan vətəndaşı öz dövlətinin tarixini Azərbaycan dilində oxumalıdır. Bu məsələ ilə bağlı irəli sürdüyümüz tələbdən sonra hətta bizi məhkəməyə verənlər də oldu”.

Nazir, həmçinin, Azərbaycandakı məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan iddialara münasibət bildirərək, bu istiqamətdə hər hansı qərarın olmadığını vurğulayıb. O, cəmiyyəti yalnız rəsmi mənbələrə inanmağa çağırıb.