Azərbaycanı Avropanın qüdrətli dövlətinə çevirən enerji diplomatiyası

Dünyanın qlobal enerji layihələrindən biri olaraq Azərbaycanın ən yeni tarixinin parlaq və əlamətdar səhifəsinə çevrilən, xalqımızın taleyində həlledici rol oynayan, respublikamızın yeni dövr üçün sosial-iqtisadi inkişaf prioritetlərinin dəqiq şəkildə müəyyənləşməsinə həlledici təsir göstərən “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il keçir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılmış yeni neft strategiyası ötən illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələr üzrə dinamik inkişaf yolunda olan respublikaya çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, habelə milli təhlükəsizlik maraqlarını yüksək səviyyədə təmin etməsi baxımından mustəsna rol oynamışdır. Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu tarixi müqavilə Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

1994-cü il sentyabrın 20-də Bakıda çağdaş tariximizə “Əsrin müqaviləsi” adı altında daxil olan neft müqavilələrinin imzalanması ilə Azərbaycan MDB məkanında dünyanın 11 transmilli neft şirkəti ilə böyük miqyasda saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüşdür. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu müqavilənin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşımışdır. Bu tarixi razılaşma eyni zamanda regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yaratmış, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamışdır. Yeni neft strategiyasının uğurları Azərbaycanın

Avratlantik məkana inteqrasiya prosesini sürətləndirmiş, respublikamıza sərmayə qoyulması sahəsində ciddi dönüş yaratmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artmaqdadır. Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunub. Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib. Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə göstərir. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atıb. Bu mənada Prezident cənab İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin iki əsas komponentini qeyd etmək olar. Birincisi, Azərbaycanın Avropaya qaz ixracını artırmasıdır ki, bu, ötən il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsaslanır. Artıq həmin sənədin icrasına başlanılıb. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr, 2022-ci ildə isə bu rəqəm 11,3 milyard kubmetr təşkil edib. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uğurlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə bir çox ölkələrin təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini

Oxşar xəbərlər