Azərbaycanı ərəb dünyasında tanıdan tarixçibackend

İstər müharibə zamanı, istərsə də müharibədən əvvəl, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran ölkəmizin və xalqımızın təmənnasız dostları qazandığımız bütün uğurların iştirakçısı kimi həmişə cəmiyyətimiz tərəfindən bizdən biri olaraq qəbul ediliblər.

Bunlardan biri, dünyanın aparıcı dillərindən biri olan ərəb dilində ölkəmiz, xalqımız, onun tarixi, mədəniyyəti və görkəmli şəxsləri haqda onlarla məqalənin müəllifi İordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armutidir. Adı çəkilən şəxsi ərəb auditoriyası yaxından tanıdığından, onun ölkəmiz haqda yazdığı və ya ərəbdilli telekanalların efirlərində səsləndirdiyi yüksək fikirlər, həqiqəti özündə ehtiva edən çıxışları Azərbaycan haqqında yüz milyonluq audotoriyası olan ərəbdili seqmentdə geniş əks-səda doğurub.

Ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətləri Misirin, İordaniyanın, İraqın, Körfəz ölkələrinin auditoriyasının diqqətinə çatdıran Ömər əl-Armuti müharibə ərəfəsində erməni lobbisinin Azərbaycana qarşı başladığı qarayaxma kamapaniyasının iflasa uğramasında böyük rol oynadı. Onun İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqındakı çıxışı buna misal ola bilər. Nəzərə alsaq ki, İordaniya Yaxın Şərqdəki ən varlı erməni diasporunun yaşadığı ölkə hesab olunur, bu proqramın ölkədə necə qarşılandığını və erməni propaqandasına necə ağır zərbənin vurulmasını təsəvvür etmək çətin deyil.

Azərbaycanın və bütün Qafqaz regionunun keçmiş tarixindən başqa, müasir dövrümüzdə baş verən geosiyasi prosesləri də yaxından izləyən və analiz edən Ömər əl-Armuti Qarabağ ətrafında gedən proseslər haqqında ərəb auditoriyasına həmişə dolğun və həqiqəti özündə əks etdirən məlumat verib.

İordaniyanın tanınmış yazıçı-publisisti, tarixçisi olan Ömər əl-Armutinin ölkəsində geniş oxucu auditoriyasına malik www.nayrouz.com xəbər portalında dərc olunmuş “Mərhum həkim Zərifə Əliyeva Azərbaycanın müasir tarixinin tanınmış simalarından biridir” adlı məqaləsi hələ də bu ölkənin siyasət və tibb dairlərində ölkəmizlə bağlı aparılan bütün müzakirələr zamanı yada salınır və ondan ölkəmiz haqqında tutarlı məlumat kimi istifadə olunur.

 

Məqalənin müəllifi aprelin 28-də Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırır, incə qəlbli ana və sadiq həyat yoldaşı olmuş akademikin tibb elminə mühüm töhfələr verdiyini vurğulayır. O, Azərbaycan xalqının akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramla yanaşdığını qeyd edir və onun həyat və fəaliyyətinə nəzər salır. Bildirir ki, 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi Əziz Əliyevin ailəsində anadan olmuş Zərifə Əliyevanın yaşadığı dövr ərzində oftalmologiya elmi sahəsində apardığı möhtəşəm tədqiqatları hazırkı dövrdə bu elmlə bağlı aktual məsələləri ehtiva edir və Azərbaycan oftalmologiya tarixində əlamətdar yer tutur.

Ömər əl-Armuti vətənpərvərliyi, insanlığı, qəlbinin təmizliyi və insanlara qarşı hədsiz məhəbbəti ilə seçilmiş Zərifə xanımın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sadiq ömür-gün yoldaşı olduğunu, onun Ümummilli liderə bütün işlərində dayaq və dəstək olduğunu vurğulayır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ailədə tərbiyə alıb. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, parlaq gələcəyə can atan müasir dövlətə çevirilib. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın təməlini qoyduqları işləri davam etdirirlər”, – deyə müəllif məqaləsini yekunlaşdırır.

İordaniyalı tarixçi Ömər əl-Armouti Bakıda olarkən mədəniyyət nazirliyində keçirilən görüşdə Azərbaycanda İordaniya mədəniyyət günləri keçirmək niyyətini açıqlamışdır. Görüşün sonunda tarixçi Ömər Əl-Armouti qonaqlara Azərbaycanla bağlı nəşr etdirdiyi, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq hüquq, İordaniya-Azərbaycan münasibətləri haqqında kitablarının hər iki ərəb dilində olan nüsxələrini təqdim edib. Azərbaycanın keçmiş mədəniyyət naziri tarixçi Armoutiyə İordaniya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə görə təşəkkür edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq müşahidəçilərdən ibarət İordaniya, Misir, Mərakeş, Pakistan, BƏƏ və İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyətlərini qəbul edib. Görüş zamanı İordaniyalı tarixçi kitabları və fəaliyyəti haqqında məlumat verib. Paytaxt Bakıda İordaniyalı tarixçi İƏT-ə Üzv Dövlətlərinin Jurnalistlər Assosiasiyasının rəhbəri Fazil Abbasovla görüşüb və fikir mübadiləsi aparıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev  İordaniyanın beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətini, tarixçi alim Ömər Əl-Armoutini və İordaniya Xəbər Agentliyindən həmkarı Saleh Əl-Xəvaldeyi qəbul edib. Görüşdə tarixçi Ömər Əl-Armouti iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün İordaniya-Azərbaycan birgə işgüzar şurasının yaradılmasını təklif edib. Şəfiyev Armoutinin Xarici İşlər, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın Əmmandakı səfirliyi və İordaniyanın Bakıdakı səfirliyi ilə razılaşdırılaraq bunu etmək təklifini dəstəkləyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin keçmiş müavini  cənab Ramiz Həsənov İordaniyanın parlament seçkiləri üzrə beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyəti, tarixçi alim Ömər Əl-Armouti və həmkarı Saleh Əl-Xəvalde ilə görüşüb. Tarixçi Armouti Azərbaycan haqqında ərəb və azərbaycan dillərində yazdığı kitabları Həsənova hədiyyə olaraq təqdim edib. Azərbaycanın məşhur xəbər portallarında Azərbaycan mədəniyyətinin İordaniyada tanıdılmasında tarixçi Ömər Əl-Armoutinin rolundan bəhs edən geniş məqalə dərc olunub.

Tarixçi Ömər Əl-Armouti Azərbaycan səfirliyinin iqamətgahında olub, burada Azərbaycan Respublikasının İordaniyadakı yeni səfiri Eldar Səlimov ilə görüşüb. Armouti səfir Səlimovla söhbətində bildirib ki, İordaniya ilə Azərbaycan arasında mövcud olan isti münasibətlərin davam etdirilməsindən məmnundur.Əl-Armouti iki dost ölkə arasında siyasi əlaqələrin dərinliyi və möhkəmliyini vurğulayıb. Əl-Armouti Azərbaycan Respublikasının səfirinə “Dağlıq Qarabağ böhranı və beynəlxalq hüquq” adlı kitabını hədiyyə edib. Cənab səfir iordaniyalı tarixçinin fəaliyyətini yüksək qiymətləndirib və öz tövsiyələrini verib.

Xatırladırıq ki, ərəb dili dünyanın ən populyar dillərinin siyahısında həmişə ilk beşlikdə yer alıb və Qərbin, eləcə də Şərqin əksər aparıcı ölkələri ərəb dili və mədəniyyətinin öyrənilməsinə, habelə ərəb dünyasına öz ölkələri haqda dolğun məlumatlar çatdırılması məsələsinə çox ciddi yanaşırlar. Əlavə olaraq qeyd edirik ki, şərqşünaslıq elimin özəyini məhz ərəbşünaslıq təşkil edir. Ona görə də, bizim xalqımızın ərəb xalqı ilə olan ortaq dəyərlərinin öyrənilməsi, ərəb ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi ölkəmiz üçün prioritet olmalıdır. Bu məsələdə isə bizə Ömər əl-Armuti kimi əsl dostlar yaxından kömək edə bilərlər. Ölkəmizin belə dostlarının fəaliyyəti daimi diqqət saxlanılmalı, onlara motivasiya verilməsi üçün dəstək göstərilməlidir.