Azərbaycanın düşmənləri yenə iş başında…backend

Ötən il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə,  bu qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıqların yaranması ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Müharibədən qalib çıxan Azərbaycan bu gün regionun aparıcı aktoru kimi yeni şərtləri diktə edir.

Təbii ki, qazanılan bu uğurlar dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi də narahat etməkdədir. Bu səbəbdəndir ki, xaricəki bəzi antiazərbaycançı, ermənipərəst mərkəzlər ölkəmizin uğurlarına kölgə salmaq üçün müxtəlif qaranlıq yollara baş vururlar. Bu işdə onların əsas “dayağı” isə xəyanətkar radikal müxalifət düşərgəsi və bu düşərgənin xaricdə məskunlaşan üzvləridir. Elə “beşinci kolon”un xaricdə məskən salmış təmsilçilərindən biri olan Qənimət Zahidin son günlərdəki “fəallığı” da məhz bu amildən qaynaqlanır.

sahin

İctimai.az xəbər verir ki, məsələ ilə bağlı Xalq.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib ki, Vətən müharibəsində əldə olunan qələbə həm ölkəmizin inkişafında yeni mərhələ açdı, həm də milli birliyimizin, siyasi həmrəyliyimizin daha da güclənməsini şərtləndirdi. Millət vəkili qeyd edib ki, bu uğurların davamı olaraq Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq yeni kommunikasiya xətti, həmçinin atılacaq digər addımlar istər ölkəmizin, istərsə də regionun gələcək iqtisadi inkişafında yeni səhifə açacaq: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycana, həm də regionda yaradılan əməkdaşlıq platformasında iştirak edəcək digər ölkələrə mühüm iqtisadi dividendlər vəd etməkdədir. Bütün bunlar isə xaricdəki ermənipərəst mərkəzləri və onların daxilimizdəki əlaltılarını narahat etməkdədir. Bu səbəbdəndir ki, dağıdıcı düşərgə təmsilçiləri mütəmadi olaraq sosial şəbəkələrdə ölkəmizdəki milli birliyə, siyasi sabitliyə qarşı kampaniyalar aparırlar. Təbii ki, bütün bunlar fiaskoya məhkumdur. Çünki Azərbaycan cəmiyyəti xaricdəki ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirənlərin, ölkəmizin uğurlarına kölgə salmaq üçün min bir yola baş vuranların hansı xislətə malik olduqlarını yaxşı bilir”.

vuqarr

Milli Məclisin deputatı Vüqar İskəndərov da Xalq.az-a danışarkən ölkəmizdəki sosial-iqtisadi sabitliyin, yüksək inkişaf tempinin, o cümlədən milli birliyin daha da güclənməsinin Azərbaycana qarşı olan xaricdəki ermənipərəst mərkəzlərin və onların daxilimizdəki əlaltılarının yuxularını yenidən ərşə çəkdiyini diqqətə çatdırıb: “Görünən odur ki, Azərbaycanın düşmənləri yenə iş başındadır”.

Millət vəkilinin sözlərinə görə, bunun nəticəsidir ki, milli maraqlara qarşı olan və xarici ermənipərəst mərkəzlərin sifarişləri əsasında hərəkət edən radikallar yenidən fəallaşıblar: “Radikalların bu dəfə də xaricdəki ermənipərəst mərkəzlərdən sifariş aldıqları gün kimi aydındır. Hazırkı həssas dönəmdə, siyasi sabitliyin pozulmasına yönəlik çağırışların səsləndirilməsi bunu bir daha təsdiqləyir. Təbii ki, ölkənin ən böyük probleminin – Qarabağ probleminin həll olunması, işğal altındakı torpaqların azad edilməsi radikalların illərdir danışdığı yalanları da ifşa edib”.

Millət vəkili deyib ki, radikal düşərgə təmsilçilərinin özlərini gündəmə gətirmək üçün yenidən sosial şəbəkələrdə araqarışdırıcı kampaniyalar aparmaq cəhdləri həm də bundan qaynaqlanır.