Azərbaycanın humanitar yardımının ikinci hissəsi Ukraynaya yola salınıbbackend

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir.

Azərbaycan Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Ölkə başçısının yuxarıda qeyd olunmuş Sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, sözügedən humanitar yardımın birinci hissəsi cari ilin oktyabrın 30-da Ukraynaya göndərilib.