Azərbaycanın qətiyyətli və etibarlı müdafiəçisibackend

Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixinin mühüm səhifələrindən, məqamlarından biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud durum həqiqətən çox mürəkkəb idi. Azərbaycan dövləti süqutun astanasında idi, müstəqilliyi şübhə altına düşmüşdü. Belə bir məqamda, YAP-ın təsis olunması Azərbaycanın xilasına doğru atılmış ilk addım oldu. YAP-ın təsis olunması və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. Təhsil, mədəniyyət, səhiyyə və iqtisadiyyatın bütün sahələrində olan yüksəliş hamının gözü qarşısındadır. Azərbaycan xalqının yeganə lideri, hörmətli Prezidentimiz Cənab İlham Əliyev dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və dönməzliyi uğrunda başladığı işləri uğurla davam etdirir.

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya 30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycan xalqının xilaskarı, partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan danışarkən qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir.

Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.

Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı və dövlətinin həyatında olduqca böyük rolu var – partiyanın yaradılmasında məqsəd bundan ibarət idi ki, tarixi sınaqlar qarşısında qalmış Azərbaycanı inkişaf yoluna qoysunlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ətrafında birləşərək müstəqilliyimizin, suverenliyimizin qorunması, ölkənin gələcək inkişaf yolunun müəyyən olunması naminə fəaliyyət göstərmək istəyən insanlar məhz YAP çərçivəsində birləşərək atdıqları addımlar sayəsində ölkənin xilas missiyasını yerinə yetirdilər. Azərbaycanda daxili sabitlik təmin olundu, həmrəylik yarandı, ölkəmizin inkişaf strategiyası formalaşdı.

“Dünənin, bu günün, gələcəyin” partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı Cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir”.

Bakı Slavyan Universiteti

Dos. Aytəkin Axundova