Azərbaycanın regionda və dünyada nüfuzunun artması Ermənistanı narahat etdiyi kimi İranın da maraqlarına uyğun gəlmir – Münasibətbackend

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı terror siyasətinin ən bariz nümunəsi idi. Bundan əlavə, Azərbaycanın regionda və dünyada nüfuzunun artması Ermənistanı narahat etdiyi kimi İranın da maraqlarına uyğun gəlmir. Ona görə də İran mütəmadi olaraq Ermənistana dəstək verir. Həmçinin torpaqlarımızın düşmən ölkə tərəfindən işğal olunmasına da vaxtilə göz yumub. Bütün bu deyilənlər göstərir ki, İranın İslam dini ilə əlaqəsi yoxdur, fars-molla rejimi cinayətkar və qatildir.
1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən xarici səfirliyin yerləşdiyi ölkə onun təhlükəsizliyinə tam məsuliyyət daşıyır. Bundan öncə
İranda ölkəmizə qarşı mənfi təbliğat kampaniyasından və Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsi üçün tədbirləri daha da gücləndirməli idi. Amma görünür ki, terrorçu rahat şəkildə səfirliyə daxil oldu. Belə ki, terror aktı planlı şəkildə həyata keçirilib və bütün məsuliyyət İran dövlətinin üzərinə düşür.
Azərbaycan dövləti bəzi beynəlxalq təşkilatların, dövlətlərin təzyiqlərinə baxmayaraq, 44 günə öz torpaqlarını işğaldan azad etdi. Bundan sonra da heç bir qüvvə Azərbaycan dövlətinin iradəsinə təsir edə bilməz. İran və digər güclər anlamalıdır ki, bu cür xain terror aktı ilə Azərbaycanı öz haqq yolundan döndərə bilməyəcəklər.

Fuad Heydər

Siyasi Şərhçi