Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə!backend

Heç kimə sirr deyil ki, rəsmi İrəvanın 30 illik işğalçı siyasəti bütün regionun inkişafına maneə olub. Ermənistanın işğalçı siyasətinin ağrılı nəticələrini çoxdur. Bildiyiniz kimi bu illər ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Belə ki,  işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. Həmçinin, ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti də aparılmışdır. 1992-ci il fevral ayının 26-da Ermənistan Azərbaycana qarşı Xocalı şəhərində soyqırım aktı törətmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Rəsmi İrəvanın ötən illər ərzində yürütdüyü siyasət münaqişəni beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə həll olunmasını mümkünsüz etdi.  Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər, ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ hələ də öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası– dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələrin 1993-cü ildə qəbul edilməsinə baxmayaraq icra edilməmişdir. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Təbii ki, münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. İşğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün də bu imkanlar keçərlidir.

Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirdib. Uzun illər ərzində münaqişənin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Öz işğalçılıq siyasəti ilə Ermənistan hakimiyyəti bütün beynəlxalq qanun və normaları pozaraq unudulmaz cinayətlər törədib. Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi.

Beləliklə də, münaqişənin hərbi yolla həlli qaçılmaz oldu. Erməni təxribatları cavabsız qalmadı. Uzun illər ərzində müxtəlif addımlarla Ermənistan bizi təxribatlara çəkib və bizdən sərt reaksiya gözləyib ki, daha sonra günahı bizim üstümüzə yıxsın. Azərbaycan təxribatlara uymadı. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Nəhayət, bu münaqişə öz hərbi-siyasi həllini tapdı. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri birgə bəyanat imzaladılar və bu bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərini başlayıb. İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Minaların xəritəsi Azərbaycana bu günə qədər təqdim olunmayıb. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən 2-ci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Münaqişənin həllində Türkiyənin böyük rolu vardı. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. 2020-ci il sentyabrın 27-də, müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Bütün dünya dövlətləri bilir ki, Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik, ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi.

İstənilən müharibədə qan-qada, itkilər olsa da, bəzən ondan qaçmaq mümkün olmur. Tarixən müharibələri iki qismə bölüblər – ədalətli və ədalətsiz müharibələr. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın ölkəmizə qarşı başladığı müharibə ədalətsiz müharibə idi. Çünki zor tətbiq etməklə qonşu dövlətin beynəlxalq birlik tərəfindən tanınan ərazilərini ilhaq etmək məqsədi daşıyırdı.

Respublikamızın 44 gün davam etdirdiyi genişmiqyaslı əks-hücum əməliyyatları ədalətli müharibə idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin son çıxışlarında və müsahibələrində də bildirdiyi kimi, bizim düşmən ölkənin torpaqlarında hər hansı bir hərbi niyyətimiz yoxdur. Özünün ərazi bütövlüyünü təmin etmək isə ölkəmizin suveren hüququ idi. Vətən müharibəsində parlaq qələbə çalan Azərbaycan bütün dünyaya göstərdi ki, güclü dövlətdir, özünün ərazi bütövlüyünü, suverenliyini təmin etməyə qadirdir!

Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq!!!

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!

 

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev