“Azercell” istifadəçilərini incidir – ŞİKAYƏTbackend

Azərbaycanda əhalinin ən çox şikayətləndiyi məsələlərdən biri mobil operatorlar və onların fəaliyyətidir. İstər sosial şəbəkələrdə, istərsə də informasiya portallarında mobil operatorlarla bağlı narazılıqlar müntəzəm işıqlanır.

Qeyd edək ki, ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də ön sıralarda yer tutmasına baxmayaraq, xidmət və keyfiyyətdə digərlərindən geri qalır. Son zamanlar isə bu narazılıqlar silsilə halını alıb.
Ölkənin ən böyük mobil operatorlarından biri olan “Azercell” mobil şirkətindən də şikayətlər səngimir. Ölkənin aparıcı mobil operatorunun istifadəçilərinə yaratdığı problemlərlə bağlı müntəzəm şikayətlər edilir.
İctimai.az-a daxil olan şikayətlərdə balansdan əsassız olaraq müxtəlif kampaniyalar adı ilə pul çıxarılması, tariflərin qiymətlərinin baha olması, abunəçilərə  təqdim olunan internetin keyfiyyətinin aşağı olması, bəzi istifadəçilərin şəbəkə problemləri ilə üzləşməsi kimi problemlər üstünlük təşkil edir.
Bir neçə şikayəti diqqətinizə çatdırırıq:
Salam, şikayətim “Azercell”dəndir. Regionun ən böyük şəhərlərindən birində, ölkənin paytaxtında, şəhərin mərkəzində yaşasaq da, telefonumuzda set (şəbəkə) problemi yaşayırıq. Bəzən danışdığımız yerdə əlaqə kəsilir və ya internetdən istifadə edərkən, şəbəkə yox olur. Yeni texnologiyaların inkişafı dövründə belə gülünc problemləri demək biabırçılıqdır.
Digər bir şəbəkə problemi isə rayonlarımızın birindəndir.
Salam, mən Ucarda yaşayıram. Telefonda tez-tez şəbəkə yox olur. Bu demək olar hər yerdə belədir. Evdədə olanda, iş vaxtında da. Zəng edib məlumat verəndə isə, araşdırıldığını və həll olunacağını deyirlər.
Növbəti şikayət tariflərin yüksək olmasıdır.
Neçə ildir bu nömrəni işlətdiyim üçün məcbur istifadə edirəm. Belə qiymətlər olmaz. Tarifləri təkcə bizdə yox, bəlkədə dünyada ən yüksəkdir. Belə yüksək qiymətlərin əvəzində isə nə normal kampaniya, nə də internet verirlər. Bilmirik dərdimizi kimə deyək.
Qeyd edək ki, bu tipli şikayətlər müntəzəm olaraq göndərilir. Məsələ diqqətimizdədir və şikayətləri dəqiqləşdirib işıqlandıracağıq.

İctimai.az