“Azərsun Holdinq” ölkədə ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlim təşkil edib.
Tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları salamlayaraq şirkətin sosial məsuliyyət strategiyası çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu layihə holdinqin həyata keçirdiyi sosial təşəbbüslərdən biridir: “Biz ‘Kaşalata’ kafeyə məhsul dəstəyi göstərir, zəruri qida məhsulları ilə təmin edirik. Əsas məqsədimiz isə burada çalışan autizmli gənclərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların bacarıqlarını üzə çıxarmaq və layiqli əmək mühitində inkişaflarını dəstəkləməkdir.”
Tədbirin növbəti hissəsində isə klinik psixoloq autizm nədir, onun yaranma səbəbləri, əsas əlamətləri və bu mövzu ilə bağlı cəmiyyətdə geniş yayılmış stereotiplər, yanlış təsəvvürlərlə bağlı məlumat verib.
Qeyd edək ki, “Azərsun Holdinq” illərdir davamlı şəkildə ölkədə inklüzivlik, sosial ədalət və rifahın artırılması istiqamətində mühüm addımlar atır. “Kaşalata” ilə olan bu əməkdaşlıq da həmin təşəbbüslərin növbəti uğurlu nümunəsidir.


