“Aztelekom”un rəhbəri dəyişibbackend

“Aztelekom” MMC-nin baş direktoru vəzifəsində dəyişiklik olub

Oxu.Az xəbər verir ki, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Onun “Aztelekom” MMC-yə rəhbərlik etdiyi müddət ərzində şirkətin texniki və IT infrastruktur yenilənməsi, genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm layihələrə start verilib. Bu layihələrdən ən əhəmiyyətlisi isə ucqar regionlar da daxil olmaqla ölkə müxtəlif yerlərində çox sayda ev təsərrüfatı üçün fiber-optik internet şəbəkəsinin qurulması olub.

Eyni zamanda Klaus Muellerin rəhbərliyi altında həyata keçirilən korporativ idarəetmə islahatlarının müsbət nəticəsi olaraq, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankının kreditorların qiymətləndirilməsinə dair mürəkkəb hüquqi ekspertiza prosesindən uğurla keçib və ötən il dekabrın 22-də AYİB-dən dövlət zəmanəti olmadan 85 milyon AZN  dəyərində kredit almağa nail olub.

Qeyd edək ki, hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib.  Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.  Həmçinin, Elçin Niyazov 1-ci “Yüksəliş” müsabiqəsinin finalçılarındən biri olub.